2019-06-11 12:40:50   |   185 dəfə oxunub

“AXC-Müsavat cütlüyü nə qanuni idarəçilik yarada bildi, nə də vahid komanda...”- Deputat




"15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli və əlamətdar günlərdən biridir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Parlament üzvününü sözlərinə görə, məhz həmin gündə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyini ikinci dəfə üzərinə götürmüş ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gələrək Ali Sovetin sədri seçildi:

"Heydər Əliyev faktiki olaraq qısa müddət ərzində Respublikanı düşdüyü siyasi vəziyyətdən çıxarda bildi. Həmin dövrdə Azərbaycan parçalanmaq, məhv olmaq və vətətəndaş müharibəsi ərəfəsində idi. Xalq Cəbhəsinin apardığı uğursuz siyasət nəticəsində ölkənin həm rəhbərliyi, həm də vətəndaşları arasında bir-birinə düşmənçilik baş qaldırmışdı. Vahid komandanlıq olmadığına görə ordu ayrı-ayrı şəxslər tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin rəhbərliyində olan, yüksək vəzifə tutan hər bir şəxsin ayrıca komanda verdiyi hərbi dəstələri var idi. O dəstələrdən birinin başında Surət Hüseynov dayanırdı. S.Hüseynovun özünü də Cəbhə hakimiyyəti Qarabağda Prezidentin səlahiyyətli nümayəndəsi təyin etmişdi. Hətta ona "milli qəhrəman” adı da verilmişdi. Yəni, Gəncə qiyamı AXC-Müsavat cütlüyünün gözlənilən məntiqi sonluğu idi. Onlar hakimiyyətdə olduğu bir il ərzində dövlət idarəçiliyinə yaxın heç bir fəaliyyət göstərə bilmədilər. Nə Konstitusiya qanunu normalarına uyğun idarəçilik yarada, nə də vahid komanda formalaşdıra bildilər. Belə bir dövrdə, şübhəsiz ki, milli birlikdən, dövlətin möhkəmlənməsindən danışmaq olmazdı. Hakimiyyətdaxili maraqların toqquşması, nəhayət, Gəncədə hərbi qiyamla nəticələndi. Hərbi qarşıdurma vətəndaş müharibəsi təhlükəsinin yaranmasına gətirib çıxardı”.

Deputat bildirib ki, məhz S.Hüseynovun Gəncədə hökumətə qarşı qaldırdığı qiyam qısa müddət ərzində Azərbaycanda mövcud hakimiyyətin tam iflasına gətirib çıxardı:

"Əslində Gəncə qiyamı formal hadisə idi. Yəni, qiyam Gəncədə olmasaydı, mütləq ya Lənkəranda, ya da Qusarda, Bakıda olacaqdı. Çünki vahid idarəçilik və komandanlıq yox idi. Ümumiyyətlə o dövrdə hakimiyyətdə olanların heç birinin dövlət idarəçiliyində nə səriştəsi, nə də savadı, qabiliyyəti var idi. Ona görə də xalq müdrik qərar qəbul edərək Azərbaycanı düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsi, ümumilli lideri hakimiyyətə dəvət etdi. Heydər Əliyev ayın 9-da Naxçıvandan Bakıya gəldi və daha sonra Gəncəyə yollandı. Əslində Heydər Əliyevin dərhal qiyam baş verən Gəncəyə getməsi fərdi cəsarət nümunəsi və qəhrəmanlıq idi. Çünki həmin dövrdə Surət Hüseynovun ətrafında olduqca ciddi cinayətkar qruplaşmalar cəmlənmişdi. Hər an Heydər Əliyevin həyatına qəsd oluna bilərdi. Buna baxmayaraq, xalqını sevən ümummilli lider təhlükələri dəf edərək Gəncədəki vəziyyətlə yerində tanış oldu, sakinlərlə görüşdü. Orada bir daha əmin oldu ki, S.Hüseynovun ətrafındakılardan başqa yerli əhalidən heç kim hökumətə qarşı çıxmır”.

M.Quliyev vurğulayıb ki, həmin tarixdən sonra Azərbaycanda quruculuq işləri başladı:

"Düzdür, iki-üç il ərzində ölkədə sabitliyin bərqərar edilməsi üçün Heydər Əliyevin böyük xidmətləri oldu. O vaxt iki dəfə də dövlət çevrilişinə cəhd edildi. Lakin Ulu Öndər bunları da məharətlə yatırtdı. 1998-ci ildən sonra isə Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16