2019-06-11 12:58:21   |   369 dəfə oxunub

Metro çıxışları, keçid yerlərində bazar olmaz


Demək olar ki, hər il bu vaxtlar metroların çıxışlarında, yeraltı keçidlərin qarşısında əsl bazar ab-havası müşahidə olunur. İnsanların üstünlük təşkil etdiyi ictimai yerlərdə çiyələk, qarğıdalı və müxtəlif növ qida məhsulları insanlara nisbətən ucuz qiymətə təklif edilir. Lakin həmin şəraitdə üstü açıq şəkildə satılan qida məhsullarının insan orqanizminə mənfi təsirləri çoxdur. Bu kimi problemləri satıcılara bildirdikdə isə onların cavabı " bəs mən necə dolanım, məhsulumu harada satım” olur.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az”a söyləyib ki, qanunda bildirilir ki, ölkənin əmtəə bazarında satılan bütün məhsulların üzəri bağlı olmalıdır:

"Nazirlər Kabinetinin bu qərarı on ildən artıq vaxtdır ki, qüvvədədir. Lakin buna hələ də əməl olunmur. Əgər həmin qərara əməl olunsa, bu cür arzuolunmaz halların qarşısı da rahatlıqla alınar. Bu kimi fəaliyyət sahələri yüksək dinamika ilə inkişaf etsə, sonda çox böyük problemlər ortaya çıxacaq. Belə işlərə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti nazarət edir. Onlar bu kimi neqativ halların qarşısını almalıdırlar. Əks təqdirdə o cür şəraitdə satılan qida məhsulları insanların kütləvi xəstəliklərə yoluxmasına yol açacaq”.

E.Hüseynov onu da diqqətə çatdırıb ki, bəzi insanlar metro çıxışlarında və ya bu kimi ərazilərdə öz becərdiyi məhsulları satmaqla dolanırlar:

"Lakin şəhərin metro çıxışları, keçid yerləri bazar deyil. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti bu kimi məsələlərə nəzarət etməli və inzibati yollarla bu sahədə tənzimləmə aparmalıdır. İctimaiyyətin istifadə etdiyi yollarda satıcılıq edən insanlara bazarlarda yer ayrılmalıdır. O zaman həm maddi imkanı aşağı olan insanlar ailələrini dolandırar, həm də şəhərin ictimai yerlərində xoş mənzərə yaranar”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16