2019-06-11 17:36:52   |   123 dəfə oxunub

Faiq Ağayev: “Heydər Əliyevin qayıdışı Azərbaycanı dəhşətli bəladan xilas etdi”



1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Xalq artisti Faiq Ağayev «Şərq»ə bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı idi.O qeyd edib ki, Azərbaycan dünyanın siyasi, coğrafi xəritəsindən silinmək təhlükəsi ilə üz- üzə qalmışdı:

"SSRİ-nin dağılan vaxtı Azərbaycan yağlı tikə idi deyə, çox ölkələrin marağında idi ki, Azərbaycan parçalansın. Həmin ölkələrin bu məkirli niyyətlərinə çatmasına az qalmışdı. Məhz Heydər Əliyevin qayıdışı Azərbaycanı bu dəhşətli bəladan xilas etdi. Mənim üçün Heydər Əliyev vətənpərvərlik nümunəsidir! Vətəni necə sevməyi ondan öyrənmək lazımdır. Heydər Əliyev olduqca qətiyyətli, geridönməz qərarları qəbul edən bir insan idi və bu məsuliyyəti üzərində daşıya bilirdi. Heydər Əliyev müqəddəs millət atası funksiyasını həyata keçirirdi. Onun barədə saatlarla danışmaq olar. Mən çox xoşbəxt insanam ki, Heydər Əliyev epoxasında formalaşıb, böyümüşəm. Sənətkarlara böyük bir qayğı və diqqəti var idi. 

Konsertlərdən sonra kulis arxasına gəlib bizimlə görüşürdü, danışıb, söhbətləşirdi. Maraqlanırdı ki, kimin hansı problemi, qayğısı var. 

Mənə konsertlərdən birində yaxınlaşıb söylədi ki, Ağayev, dəyişmisən, başqa Ağayevsən, çox qabağa getmisən. Bu sözü dedi və çox qısa zamanda məni əməkdar artist adına layiq gördü. Ölkənin ən gənc əməkdar artisti oldum. Mən Heydər Əliyevin dəyərləndirilməsini görmüşəm. 

Heç vaxt unuda bilmədiyim bir xatirəni də bölüşüm. Rəşid Behbudov adına Mahnı Teatrında 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə konsert keçirilirdi. Mən Heydər Əliyevin o konsertdə mahnıları dinlərkən qəhərləndiyini, gözünün yaşla dolmasını görmüşəm. Konsertdən sonra izah etdi ki, Zərifə xanımı yadına salıb. Heydər Əliyevin bir lider olaraq o qədər özəllikləri var idi ki... 

O özəlliklər onu həqiqətən dəyərli etmişdi. Mən Heydər Əliyevin olduqca mükəmməl yumor hissi olan insan kimi görürdüm. Çünki, ulu öndərin olduqca mükəmməl yumor hissi var idi. Elə ani zarafatlar edirdi ki, o zarafatlar əvvəlcədən hazırlanmırdı. Onun daxili aləmi çox zəngin idi».

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16