2019-06-12 14:13:46   |   120 dəfə oxunub

“Heydər Əliyev Azərbaycanı o faciələrdən geri döndərdi” – Böyük xilaskar



"1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün biz azad, müstəqil ölkəmiz haqqında bu cür ağızdolusu danışa bilməzdik”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

Analitik bildirib ki, o vaxt ulu öndər Heydər Əliyevin siyasəti olmasaydı, bəlkə də Suriyanın, İraqın gününə düşərdik. Amma dahi şəxsiyyət ölkəsini düşdüyü ağır durumdan xilas etdi, ona yeni nəfəs verdi:

"Heydər Əliyevin aparıdığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən öndə gedən ölkələri sırasına yüksəldi. Bu baxımdan 15 İyun Azərbaycan üçün sözün həqiqi mənasında əsl qurtuluş günü oldu. Məhz o günlərdə Heydər Əliyev olmasaydı, kim bilir nələr olacaqdı. Yəqin ki, Azərbaycan ermənilərin yüz il ərzində işləyib hazırladığı, Sovetlərin son günlərində geniş icra etməyə girişdiyi plana uyğun olaraq çıxılmazlığa yuvarlanacaqdı. Ermənilər söz vermişdilər ki, Azərbaycanı Livana, Bakını da Beyruta çevirəcəklər. Addım-addım da buna doğru gedirdilər. Özü də çox uğurlu bir şəkildə. Həm torpaqlarımızı işğal edir, həm də ölkənin müxtəlif yerlərində terror aktları törədirdilər. Plan işləyirdi. Bunun üçün həm də çox əlverişli bir şərait vardı. Bakıda silahlı adamların əlindən küçəyə çıxmaq olmurdu. Səhər evdən çıxanlar axşam salamat dönəcəklərinə əmin deyildi. Heç evdə qalanların da əminliyi təminat altında sayılmazdı. Oğru-quldur, soyğunçu, silahlı qoçular hər tərəfdə qorxu saçırdı. Bu yandan da hakimiyyət getdikcə zəifləyir, xalq arasında etimadını sürətlə itirirdi”.

Ekspertin sözlərinə görə, xalq olaraq əvvəlcə sevindik ki, nəhayət, Rusiyanın təsirindən qurtulduq, öz adamımızı prezident seçdik. Lakin bu prezidentin komandası az keçmədən xalqı məyus etməyə başladı:

"Hər tərəfdə özbaşınalıq, rüşvətxorluq, mənəm-mənəmlik baş alıb gedirdi. Bir tərəfdən də hərbi müxalifət ortaya çıxmışdı. Surət Hüseynov adlı birisi Qarabağ cəbhəsindəki əsgərlərini Bakının üzərinə yürütmüşdü. Hakimiyyət çıxılmaz bir durumda idi. Azərbaycanı belə bir durumdan ya möcüzə, ya da olduqca təcrübəli, qətiyyətli-qərarlı bir lider çıxara bilərdi. Tale Azərbaycanın məhz o durumdan çıxması üçün illər öncə həmin lideri yetişdirmişdi. 

Qətiyyət, qərarlılıq, cəsarət, xarizma! Bütün bunları özündə ehtiva edən, illər uzunu mənimsəmiş o təcrübəli lider, nə yaxşı ki, vardı. Əbülfəz Elçibəyin çıxılmaz durumda ölkəni xilas edəcək tək lider kimi Heydər Əliyevi görməsi Azərbaycanı bütün anlamlarda o faciələrdən geri döndərmiş oldu. Heydər Əliyev də həyatını belə təhlükəyə ataraq Bakıya döndü, dövlətin idarəetməsini üzərinə götürdü. Dərhal da işə başladı. Heydər Əliyev öz qətiyyəti və təcrübəsilə meydana atıldı. Tarix ona yenidən Azərbaycan xalqını xilas etmək, milli kimliyimizi qorumaq üçün vəzifə verdi. O da bu vəzifəni növbəti dəfə uğurla yerinə yetirdi. Düşünürəm ki, zaman keçdikcə 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini daha da yaxşı dərk edəcəyik”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16