2019-06-12 19:13:55   |   348 dəfə oxunub

İstehsalatdakı ölüm hallarının qarşısını necə alaq ? – MÜHÜM TƏKLİF

Sahib Məmmədov:"Ölkədə əməyin mühafizəsi ilə məşğul olan müstəqil bir qurum olmalıdır”

"5 ay ərzində 20 nəfər ölüb. Bu da naşılıq və bayaq dediyim səbəblərdən qaynaqlanır. Axtarsaq həmin 20 nəfərin 17-18 nəfərinin icbari sığortası da yoxdur”




Ölkəmizdə 2019-cu ilin 5 ayı ərzində istehsalat qəzasında 20 nəfər ölüb.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb: "Üçü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb".

Bəzi hallarda işə götürən şəxslərin əksəriyyəti işçilərlə əmək müqaviləsi bağlamır. Həmçinin işçilərin təhlükəsziliyi ilə bağlı məsələlərə də qeyri-ciddi yanaşılır. Nəticədə bədbəxt hadisələr yaşanır.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin 90 faizindən çoxunun uçota alınmadığını deyən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az”a bildirib ki, əksər sahibkar bu işə məsuliyyətsiz yanaşır:

"Məlumdur ki, peşə xəstəlikləri üzrə uçotu Səhiyyə Nazirliyi aparmalıdır. Lakin onlar bu işi görmür. Bədbəxt hadisələrin uçotunu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Amma istehsalatda olan neqativ hallar həmin orqanlardan gizlədilir. Bu qurumlar ancaq daxil olan məlumatlara baxırlar. Lakin ölüm hallarını gizlətmək çətin olur. Buna baxmayaraq bəzən ölüm hallarını da gizlədirlər. İş yerində ölən şəxs guya küçədə yıxılıb dünyasını dəyişib. Əksər hallarda isə bunu gizlətmək olmur. Ona görə də rəqəmləri açıqlayıblar. 20 nəfər reallığa yaxın bir rəqəmdir. Amma orta və yüngül travmalar olubsa, bunların 90 faizi gizlədilir”.

Liqa sədrinin sözlərinə görə, istehsalatda bədbəxt hadisələri doğuran səbəblər çoxdur. Əsas səbəblər isə təşkilati, texniki səbəblərdir:

"Texniki təhlükəsizlik qaydalarına əməl olunmaması neqativ hallara şərait yaradır. İstehsalat elə bir sahədir ki, ona müəyyən xərc lazımdır. Əməyin mühafizəsini və texniki təhlükəsizliyi təmin etmək müəyyən məbləğ tələb edir. Baxın, hazırda iş otağımın pəncərəsindən görürəm ki, tikinti işi gedir, amma orada texniki təhlükəsizlik qaydaları pozulur. Binanı tikən şəxs xərcləri azaltmağın bir yolu kimi texniki təhlükəsizliyə pul qoymur. İşçilər üçün qoruyucu heç nə yoxdur və onlar yıxılsalar, birbaşa yerə düşəcəklər. Çünki tikintinin ətrafında çardaq qurulmayıb. İşə götürən düşünür ki, kimsə yıxılıb öləndə pul verib məsələni bağlayacaq. Birtəhər hüzürü yola verib ölən şəxsin vərəsələrinə də 5-10 min təqdim edəcəklər. Bu cür yanaşma davam etdikcə xoşagəlməz hallar yenə olacaq.

Hökumətin müvafiq qurumlarının, ümumiyyətlə, bu sahədə səriştəsi yoxdur. ƏƏSMN və Dövlət Əmək Müfəttişliyi təsadüfi adamlardan toplanmış informasiyalara uyğun xidmət edirlər. Həmin qurumlarda bu sahəni ciddi bilən, təlimatlar verən, gedib yoxlanışlar edən şəxslər yoxdur”.

S.Məmmədov qeyd edib ki, ölkədə əməyin mühafizəsi ilə məşğul olan müstəqil bir qurum olmalıdır:

"Həmin quruma yoxlanış aparmaq üçün səlahiyyət verilməlidir. Əks halda bədbəxt hadisələr yenə baş verəcək. Lakin 10 ilə nisbətən vəziyyət elə də acınacaqlı deyil. Məsələn bizdə özünə hörmət edən tikinti şirkətləri var. Onlar az-çox qaydalara əməl edirlər. İşçilər üçün minimal əmək şərait yaradıblar və yüksək texnologiya tətbiq edirlər, işçiləri təlimatlandırırlar. Yəni, bu sahədə məsuliyyətli olan sahibkarlar da var. Amma təəssüf ki, 5 ay ərzində 20 nəfər ölüb. Bu da naşılıq və bayaq dediyim səbəblərdən qaynaqlanır. Axtarsaq həmin 20 nəfərin 17-18 nəfərinin icbari sığortası da yoxdur”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16