2019-06-12 20:46:53   |   443 dəfə oxunub

HƏKİM: “Azərbaycanda hər üç nəfərdən biri qaraciyər piylənməsindən əziyyət çəkir” – Səbəblər

Sevindik Arazov: "Bizi 6-dan sonra toya dəvət edirlər, axşam saat 11-ə qədər yeyirik. Gecə saat 12-də gəlib yatırıq. Yediklərimizi isə enerji sərf edib yandırmırıq. Sonda bədəndə çəki artır və piylənmə baş verir”




Ötən ildən etibarən 12 iyun bütün dünyada "Yağlı qaraciyər günü” kimi qeyd olunur.

"Yağlı qaraciyər” günündə əksər klinikalarda müəyyən aksiyalar keçirilir.

Həmin aksiyalardan birinin də "Baku Medikal Plaza” Klinikasında keçirildiyini deyən klinikanın terapevt-qastroenteroloqu Sevindik Arazov qaraciyər xəstəlikləri ilə bağlı "Sherg.az”a danışıb.

Həkimin sözlərinə görə, qaraciyər xəstəliklərinin bir neçə növü var:

"Bunlardan iltihabi, yəni virus hepatitləri, mübadilə pozğunluqları və irsi qaraciyər xəstəliklərini qeyd etmək olar. Bu gün mədə-bağırsaq problemləri ilə bağlı həkimə müraciət edən iki pasiyentin birində ulturasəs müayinəsi zamanı bəlli olur ki, qaraciyərdə yağlanma var. Yəni hazırda yağlı qaraciyər epidemiya halını alıb. Şəkərli diabeti, arterial təzyiqi, qanında yağı çox olan insanların 70-80 faizində yağlı qaraciyər problemi var. Səbəb odur ki, insanlar çox yemək yeyir, amma az hərəkət edirlər. 

Oturaq həyat tərzi, fiziki aktivliyin az olması və sağlam qidalanmamaq bütün bunlara təsir edir. İnsan günün birinci hissəsində daha çox karbohidratlar qəbul etməlidir. Yəni, meyvə-tərəvəz, göyərti, şirniyyat, un məmulatları. Amma günün sonuna yaxın proteinlər, yəni zülal qidaları qəbul edilməlidir. Məsələn, bütün dünyada 9-dan sonra yemək yeməmək tövsiyə olunur. 

Lakin ölkəmizdə bu qaydaya elə də əməl olunmur. Tutaq ki, bizi 6-dan sonra toya dəvət edirlər və axşam saat 11-ə qədər yeyirik. Bu yeməklərin içində karbohidratlar və zülallar da var. Beləliklə gecə saat 12-də gəlib yatırıq. Bütün yediklərimizi isə enerji sərf edib yandırmırıq. 

Sonda bədəndə çəki artacaq və piylənmə baş verəcək. Ümumdünya Səhiyyə Təşkilatı 2011-ci ildə Azərbaycana aid statistik məlumat verdi ki, hər dörd adamdan birinin bədənində çəki artıqlığı var. Bu gün isə hər üç adamın birində bədən çəkisində artıqlıq müşahidə olunur. Belə insanlar qaraciyərdən yağlanmadan əziyyət çəkirlər”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16