2019-06-13 11:24:08   |   275 dəfə oxunub

Dövlət vəsait ayırır, bəs məktəblərdə təmirə pul niyə yığılır?

Kamran Əsədov: "Ümumiyyətlə, şagirdlərdən istənilən və ya hər hansı məqsəd üçün pul yığmaq qanunsuzdur"



Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Rəsmi dövlət agentlikləri xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Məktəblərin təmir-tikintisinə dövlət büdcəsindən vəsait ayrılır. 

Amma tədris ili ərzində bir də görürsən, hansısa məktəbdə şagirdlərə təmir pulu yığmaq tapşırılır. Valideyn də çaşbaş qalır ki, axı dövlət büdcəsindən təmirə pul ayrılır, niyə uşaqlardan da pul yığırlar. Burada ayrılan vəsaitin aidiyyəti üzrə xərclənməməsi var, yoxsa məktəb rəhbərliyi sui-istifadə hallarına yol verib şagirdlərdən də qazanmaq istəyir?

Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov «Şərq»ə açıqlamasında şagirdlərdən hər hansı ad altında pul yığılmasını əxlaqsızlıq adlandırdı:

- Ölkədə fəaliyyət göstərən bütün orta ümumtəhsil məktəblərinin infrastrukturu, təmiri, tikintisi yalnız dövlət büdcəsi hesabına həyata keçirilir. Hər il dövlət büdcəsindən məktəblərin təmiri, yenidənqurulması, tikintisi üçün dövlət vəsaiti ayrılır. Şagirdlərdən təmir adı altında pul yığmaq yolverilməzdir. Ümumiyyətlə, şagirdlərdən istənilən və ya hər hansı məqsəd üçün pul yığmaq qanunsuzdur. Dövlət bütün dərslikləri pulsuz paylayır. 

Valideynlər yalnız məktəbli forması və digər məktəb ləvazimatları alır. Təəssüf ki, şagirdlərdən müxtəlif adlar altında pul yığılmasını tələb edən və ya buna göz yuman məktəb direktorları var. Biz həmişə valideynlərə tövsiyə edirik ki, belə neqativ, qanunsuz əməllər gördükdə Təhsil Nazirliyinə müraciət etsinlər. Qoy, o məktəb direktorları cəzalandırılsın. Amma valideynlər də bir çox hallarda susqunluq nümayiş etdirir, «1 manatdı, 2 manatdı» deyib istənilən məbləği ödəyirlər, məbləğ də getdikcə böyüyür. 10-20, hətta 30-50 manata çatır. Məktəblidən, şagirddən pul yığmaq olmaz. Bu, əxlaqsızlıqdır.

K.Əsədov qeyd etdi ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikası baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib.

Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə, yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar. Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 3500-dən yuxarıdır.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulub. 2018-2019-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub.

Bütün bunlar təhsil sisteminə, onun infrastrukturunun inkişafına ayrılmış vəsaitlərin səmərəli istifadə olunduğunu göstərir.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-20