2019-06-13 12:04:29   |   297 dəfə oxunub

Neftin qiyməti 30 dollaradək düşə bilər?

İqtisadçı: "Qiymətin bahalaşmasına və ucuzlaşmasına siyasi proseslərin elə də ciddi təsiri yoxdur"


Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Son günlər müşahidə olunan davamlı qiymət enməsi bir qədər səngisə də, bu sahədə proqnozlar ürəkaçan deyil. Rusiyanın maliyyə naziri Anton Siluanov bu məqama diqqət çəkərək dünya ictimaiyyətinə xəbərdarlıq edib. Nazirin sözlərinə görə, əgər neft hasilatının məhdudlaşdırılması ilə bağlı aparılan yeni danışıqlar nəticəsiz qalarsa, neft 40, hətta 30 dollardan aşağı düşə bilər. Məlumat üçün bildirək ki, cari ilin ortalarında OPEC-ə üzv ölkələr və neft emalı ilə məşğul olan digər dövlətlər neft hasilatının azaldılması məqsədi ilə bir araya gələcəklər. Toplantıda çıxacaq yekun qərar neft ölkələrinin taleyini həll edəcək.

Narahatedici proqnozlarla bağlı fikirlərini "Şərq”ə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, hər iqtisadçının proqnoz vermək üçün öz tədqiqat metodları var. Ancaq məsələ ondadır ki, neftin qiymətinin bahalaşmasına və ucuzlaşmasına siyasi proseslərin elə də ciddi təsiri yoxdur:

 "Gündəlik siyasi yanaşmaların və ya OPEC-də təmsil olunan ölkə rəsmilərinin bəyanatlarının neftin qiymətinə təsir imkanları çox kiçikdir. Bu cür hadisələr qiymət əmələgəlmə prosesinə müdaxilə edə bilmir. Ancaq qlobal və regional səviyyədə baş verən hansısa ciddi münaqişələrdən sonra neftin qiymətində əsaslı dəyişimlər baş verə bilər. 

Neftin qiymətinə ticarət platformalarında və birjalarda gedən həcm əməliyyatları daha çox təsir göstərir. Bu amillərin qiymət əmələgəlmə prosesinə güclü təsir etməsi faktı elmi cəhətdən də sübuta yetirilib. Siyasi çıxışlar isə sadəcə yüngül qiymət dəyişimlərinə səbəb ola bilər. Bunun da ciddi əhəmiyyəti olmur. Yəni kəskin yuxarı və ya aşağı enmə trendləri yarada bilmir”.

İsmayıl








SON XƏBƏRLƏR

2019-06-20