2019-06-13 12:15:48   |   162 dəfə oxunub

Generallar Qəbələdə görüşdü

Qardaş ölkənin regionda fəallaşması təhlükəsizliyimiz üçün əsas faktordur

"Qəbələdə reallaşdırılan üçlü format bölgədə üç ölkənin hərbi əməkdaşlığını dərinləşdirəcək"


Dünən Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından üçtərəfli təmasların əhəmiyyətini yüksək qiymətləndirib. Nazir bu formatda 7 dəfə görüş keçirildiyini xatırladıb. Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün görüşün keçirilməsini vacib sayıblar. 

Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı da təsdiqlənib. Həmçinin, hər üç tərəf birgə hərbi təlimlərin keçirilməsinə razılıq veriblər.

Qonşu ölkələrlə əməkdaşlığın əhəmiyyətini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Cənubi Qafqaz regionu geosiyasi xüsusiyyətinə görə beynəlxalq siyasi arenada seçilir. Ekspertin sözlərinə görə, işğal faktoru, separatizm və maraqların toqquşması region üçün səciyyəvidir: 

"Azərbaycan regional böhran fonunda və işğal olunmuş ərazilərin qaytarılması istiqamətində fəal hərbi siyasət həyata keçirir. Ölkəmiz bu istiqamətdə Gürcüstan və Türkiyə ilə yaxın əməkdaşlıq edir. Xüsusən, qardaş ölkənin regionda fəallaşması təhlükəsizliyimiz üçün əsas faktordur. 

Hesab edirəm ki, Qəbələdə reallaşdırılan üçlü format bölgədə üç ölkənin hərbi əməkdaşlığını dərinləşdirəcək. Eyni zamanda Azərbaycanın müdafiə imkanlarını daha da inkişaf etdirəcək”.

Siyasi şərhçinin fikrincə, Türkiyə və Azərbaycanın ötən gün Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər fonunda Qəbələdə baş tutan görüşü ölkəmizin regionda önəmini artıracaq: 

"Ən əsası isə Ermənistana təzyiq imkanlarımıza müsbət təsir göstərəcək. Hesab edirəm ki, Azərbaycan tərəfi Gürcüstanla da hərbi-texniki əməkdaşlığı genişləndirməli və üç ölkə mütəmadi təlimlər keçirməlidir. İstənilən halda hərbi təlimlər işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində rəsmi Bakının səylərini daha da stimullaşdıracaq”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19