2019-06-13 12:49:02   |   133 dəfə oxunub

"Bu mənimçün ölümdən ağır olar"

Baloğlan Əşrəfov: "Yaşımın bu vaxtında camaatı özümə güldürmə bilmərəm"

"Mən oxuyanda 20 yaşlı Baloğlanam. İndi bəlkə görünüşdə bir az dəyişmişəm, amma ruhum 20 yaşındadı"



Elə sənətçilər var ki, onları 7-dən 77-yə sevirlər. Elə bugünkü müsahibimiz də ömrünün yarısından çoxunu səhnədə olub. Necə deyərlər, 7-dən 77-yə onu tanıyanlar, sevənlər var. Bəzən bir mahnısını yada salmaq yetərlidir ki, adı hörmətlə çəkilsin. Söhbət «Ana» mahnısı ilə könülləri fəth edən, sevgilisinə namə göndərmək üçün quşlara üz tutub, "Ay uçan quşlar, bir qanad çalın, yar gələn yola bir səfər salın» deyib sevən ürəklərə məlhəm olan Baloğlan Əşrəfovdan gedir. Azərbaycanın Əməkdar artisti «Şərq"ə müsahibəsində maraqlı açıqlamalar verdi, tamaşaçı sevgisinin sirlərini açdı.

- Siz ötən əsrdən səhnədəsiz. 20-ci əsrin səhnəsi, tamaşaçısı ilə bugünkü arasında fərq nə qədər böyükdü? Elə bir dönəmdə sənətə gəldiniz ki, efirə çıxmaq heç də asan deyildi.

- Mən tam səmimiyyətimlə deyirəm, ozamankı səhnə ilə bu günün səhnəsi arasında böyük fərq var. O dönəmlər oxumaq da təbii idi, musiqiçilərin ifası da təbii idi. Konsertlərdə min cür hoqqabazlıq etmirdilər. O zamanlar istər musiqiçi, istər müğənni çətinlik çəkirdi, məsuliyyət hiss edirdi, birdən mahnının sözləri unudular, xaric nəfəs səslənər. Ona görə də məşqlər aparılırdı. İndi maşallah, sənin yerinə aparat da oxuya bilir, səsinin qüsuru da, səsinin tembrini də texnika gücünə tənzimləmək olur. Əvvəllərlə müqayisədə indi oxumaq çox-çox asandı. Biz bir mahnını lentə aldırmaq üçün uzun müddət məşq edirdik ki, lentə aldıran ifada qüsur olmasın. 

O mahnı lentə alındıqdan sonra onu düzəltmək mümkün deyildi. İndi mahnının yarısını bu gün yaz, yarısını sabah. Səsində qüsur varsa, onu aradan qaldırmaq üçün bir düymə bəs edir, səsinin tembrini istədiyin kimi düzəldir. Əvvəlki illərdə səhnəyə gəlmək cəsarət, istedad, məsuliyyət tələb edirdi. Nə bilim vallah, mən rəhmətlik İslam Rzayevlə bütün Azərbaycanı qarış-qarış gəzmişik. Mahnıları məşqsiz ifa etmirdik. Allah eləməsin bir xaric oxuyaydıq. İndi problem yoxdu. İndiki müğənnilərin 99 faizi konsertində fonoqram oxuyur. Bu gün konsertdə canlı ifa edən müğənninin adını çəkməyə çətinlik çəkərsiz.

- Siz bu gün də toylara belə gedərkən fonaqramdan istifadə etmirsiz, canlı ifaya üstünlük verirsiz.

- İnanın Allaha, mən fonoqram oxumuram, bunu adıma yaraşdırmıram. Hərdən mənə deyirlər ki, sən də gəl yarım saat fonoqramla oxu, deyirəm yox qardaş, mən illərlə qazandığım hörməti itirə bilmərəm. Mən toylara da öz musiqiçilərimlə gedirəm, çünki onlarla məşqlər edirəm, canlı ifalar etdiyim üçün bu vacibdi. Yarım saat toya gedib fonoqramla pul qazanmağa nə var ki? 

Mən toylara 9-10 musiqiçi aparıram, aparaturaları gətirdirəm ki, canlı, keyfiyyətli ifa təqdim edə bilim. Məndən xahiş belə edirlər ki, Baloğlan müəllim, toydasız, bir mahnınızı fonoqramla təqdim edin. Deyirəm utanaram camaatın qabağında fonoqramla oxuyum. Yaşımın bu vaxtında camaatı özümə güldürmə bilmərəm. Desinlər ki, sən də qoşuldun fonoqram oxuyanlara. Bu mənimçün ölümdən ağır olar.

- Siz Azərbaycan səhnəsinin keçid dönəmini də görənlərdənsiz. Yəni sovetlər dönəmindəki səhnə qaydaları, o vaxtın stereotipləri ilə müasir səhnənin istəkləri arasında fərq özünü göstərdi. Elə sənətkarlar oldu ki, elə sovet dönəmində qaldı, müasir səhnəyə, müasir tamaşaçıya uyğunlaşa bilmədi. Siz bunu bacardınız, o körpüdən keçə bildiniz.

- (Gülür) Həqiqətən mən xoşbəxt sənətçiyəm. Mən səhnəyə gəldiyim gündən bu vaxta qədər seviblər, sevirlər. Bunu təkəbbür kimi qəbul etməsinlər. Mən tamaşaçı sevgisini bu gün də görməsəm susardım. Qaldı bu illər ərzində tamaşaçı sevgisini qazana bilmək, o sevgini itirməmək üçün mütləq çalışmaq, yaradıcılıq axtarışında olmaq lazımdı. Bir mahnının ucundan tutub getməmək. Hər dəfə yeni bir mahnı, yeni bir ifa təqdim etmək lazımdı. Hərdən mənə zarafatla deyirlər ki, Baloğlan 7-dən 77-yə hamının müğənnisi olub. Məndən bu yaşımda da yeni mahnılar istəyirlər. Bu yaxınlarda yeni bir mahnım səslənəcək - «İstəmirəm gedəsən». 

Mən kifayətlənməyimi sevmirəm. Deyim ki, daha yetərincə mahnı oxumuşam, bəsdi. Bu, düzgün yanaşma deyil. Nə qədər ki, səhnədəsən, tamaşaçının maraq dairəsinə uyğun mahnılar ifa etməlisən. Müğənninin yaşı olmur. Dünya miqyasında da elə yaşlı müğənnilər var ki, onlara hər yaşda maraq olub. Sənətçi daim gündəmdə qalmaq üçün yeniliklər etməyə çalışmalıdır. Mən bu illər ərzində həmişə çalışmışam yeni mahnı ifa edim. Mənim mahnılarım Azərbaycanı, Rusiyanı qarış-qarış gəzib. Bütün müğənnilər mənim repertuarımdan toylarda istifadə edib. Hətta 20 il əvvəl oxuduğum mahnılar var ki, indiki müğənnilər ona yenidən müraciət edib, yeni aranjimanda oxuyur. Mən buna sevinirəm. Çünki oxuyanda deyirlər ki, Baloğlan müəllimin mahnısıdı. Mən də bundan ilham alıram. Qaldı yenə yaş məsələsinə, mən oxuyanda 20 yaşlı Baloğlanam. İndi bəlkə görünüşdə bir az dəyişmişəm, amma ruhum 20 yaşındadı.

- Yaşa toxundunuz. Cavan ikən yəqin ki, xanım fanatlarınız çox olub, sizə eşq elan edənlər olurdu?

- Mən indi də qoca deyiləm (gülür) sənə qurban, elə indi də mənə sevgisini bildirənlər az deyil (red - bu məqamı Baloğlan müəllim muğam şəklində zümzümə edərək dilə gətirdi), o sevgini bu gün də dilə gətirənlər olur. Sevilən müğənninin yaş faktoru olmur, onun yaşı gözə görünmür. Ay sənə qurban olum, əgər sənin səsində şirinlik yoxdusa, sən xalqın sevgisini qazana bilmədinsə, 30 yaşında da müğənni olaraq qoca görünərsən. Bu, həyatın gerçəkliydir. Müğənninin sevilməsində istedadı rol oynayır, yaş faktoru önəm daşımır. Mənim qədər Azərbaycanda sevilən kişi müğənnisi az olub. Bugünkü nəslin kişi müğənniləri belə mənim qədər sevilməyiblər. Bunu inanın cəsarətlə deyirəm.

- O vaxtlar ən baha qiymətə gedən, ən varlı müğənnilərdən biri siz idiniz. İndi necə dolanırsız?

- Sizə bir söz deyim. Bu gün təkcə Baloğlan müəllimin qazancı azalmayıb. Bütün gözəl müğənnilərin toy bazarı zəifdi. O problemin səbəbləri var. Vaxtilə Azərbaycanın bölgələrində olan toylar ki var idi, indi köçüb Rusiyada edirlər. İnanın səmimiyyətimə, olanı deyirəm. Rusiyada toya gedirəm, görürəm ki, bir kəndin az qala hamısı Rusiyaya köçüb. 

Əvvəllər kənddə olan toylarda gördüyüm adamlar hamısı Rusiyada məskunlaşıb. Balaca uşaqdan böyüyə qədər hamı orda yaşayır, orda toy edir. Maraqlanmışam, deyirlər ki, biz ildə bir dəfə kəndə gedirik ya yox, ölümüz də burda basdırılır, toyumuz da burda olur, qəbiristanlığımız da burdadı. Yəni demək istədiyim odur ki, əvvəllər bölgələrdə o qədər ki, toylara dəvət alardıq, indi o toylar Rusiyada olur, imkanları çatanda xarici müğənniləri də toya dəvət edirlər, yəni toy təkcə mənim üçün azalmayıb. Bütün müğənnilərin toy bazarı əvvəlkindən zəifdir.

- İdarə etdiyiniz toylara yarım saata baha gələn müğənnilər də olur. Bəziləri lap ulduz xəstəsi olub, gələndə də əda ilə məclisə daxil olur. Sizə də əda sərgiləyənlər olurmu?

- Mən ömrümün yarısından çoxunu səhnədə, məclislərdə olmuşam. Həmişə də müğənnilərdən özümə hörmət görmüşəm. İndiki o ulduzlar ki var, onlar da məni toyda, məclisdə görəndə hörmətlə salamlayırlar. Bir də o hörməti qazanmaq lazımdı. Toya qonaq gələn müğənniyə həmişə şərait yaratmışam ki, ifasını təqdim etsin. Bunu da onlar dəyərləndiriblər.

- Bəs sizə təsir etmir ki, yarım saata gələn müğənni sizin bütün toy qonorarınızdan artıq pul alıb gedir?

- Əvvəllər təsir edirdi. Nə gizlədim? Pis olurdum, qısqanclıqla yanaşırdım. Deyirdim ki, bax, mən canlı ifa edirəm, bu gəlib disk qoyub 15 dəqiqə oxuyub getdi, aldığı mənim qonorarımdan iki dəfə çoxdu. İndi deyirəm ki, belə əcəb edir o müğənni, bacarana can qurban. Əcəb də edir o toy yiyəsindən o pulu alır. Olmasaydı cahanda maymaqlar, yəqin ki, ac qalardı sarsaqlar. Lap yaxşı da edir yarım saata o pulu tələb edir. Ağlı olan verməsin. Elə toy olub ki, müğənni yarım saat toy danışıb, 15 dəqiqə oxuyub gedib. Deyirəm qardaş nə qədər oxudun, deyir Baloğlan müəllim, toy yiyəsi bilmədi ki, 15 dəqiqə oxudum, gəldim göründüm gedirəm, məni yola salsın. Toy sahibi bundan narahat deyilsə, mən niyə narahat olum?

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19