2015-01-16 01:32:41   |   20209 dəfə oxunub

Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!

Əbədiyaşar şəhidlərimizin ruhuna ithaf!





Azərbaycan! Hər qarışı sərvət, hər qarışı uğrunda şəhidlər verən milyonların ana yurdu! Bu gün əbədiyaşar şəhidlərimizin ruhu şaddır. Ona görə ki, uğrunda canlarını verdiyi o vətən torpağı üzərində onların xatirəsini əziz tutan, matəmlərini hüzn günü kimi qeyd edən övladlar yetişir. Çox təəssüflər olsun ki, Azərbaycan uğurlarını, nailiyyətlərini dünyaya tanıtsa da, zəfər və qələbə səsini dünyaya bəyan etməkdə çətinlik çəkir. Bu tək bizi narahat etmir. Eyni zamanda vətənindən nigaran qalan şəhid ruhlarını da düşündürür.

Bizi arxadan qılınclayıb, torpaqlarımıza əl uzadıb sahib çıxamağa çalışanlar, minlərlə insanı yurd-yuvasından didərgin salıb, minlərlə uşağı atasız-anasız qoyan naxələflər də bizə qarşı yad olan insanlar olmadı. Vaxtilə haqq-salam edib duz-çörək kəsdiyimiz, dostluq edib sədaqət göstərdiyimiz, ölümdən, təqibdən xilas etdiyimiz, böyük səxavət göstərib ana torpağımızdan yer verdiyimiz nankor qonşumuz ermənilər oldu. Biz Üzeyir ürəkli, Cabbar zənguləli, Bülbül nəfəsli, hər daşında min bir sərvət yatan Qarabağı itirdik.

Biz tarixin kəhkaşanlı döyüş səhnəsində qalib gəlmiş, məğlubedilməz qəhrəmanlar nəslinin yetirmələriyik. Acizliyini bəndənin qarşısında deyil, Allahın qarşısında dərk edən xalqın övladlarıyıq. Biz həmin o azərbaycanlılarıq ki, İkinci Dünya müharibəsinin qələbəsində mühüm rol oynayan qırıcı təyyarələr üçün keyfiyyətli yüksək oktanlı benzin kəşf edən akademik Yusif Məmmədəliyev kimi, dünya elminin inqilabı hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyan "Z-çevirmə” nəzəriyyəsinin banisi Lütfi Zadələr bəxş eləmiş millətin övladlarıyıq. Biz həmin o azərbaycanlılarıq ki, dünya ədəbiyyatı xəzinəsinə Nizami, Füzuli, Sabir, Mirzə Cəlil və adları saydıqca bitib tükənmək bilməyən, sonsuz sayda dühalar bəxş etmiş bir millətin övladlarıyıq.

Hamımız tez-tez vacibliyi vurğulanan "Vətəni sevmək, vətəni qorumaq” kimi ifadələr eşidirik. Əlbəttə, "Vətəni sevmək imandandır” buyurmuş müqəddəs Peyğəmbərimiz. Amma vətən məhəbbəti vətənə qarşı olan sevgi etirafı ilə kifayətlənmir. İstər, bütün türk dünyasının istiqlal şairi olan, Türkiyə Cümhuriyyətinin dövlət himninə öz sözlərini həkk etdirən

Mehmet Akif Ərsoyun "İstiqlal marşında”:

Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.

Şeiri olsun, ya da Midhad Camal Quntayın:

Bayraqları bayraq yapan üstündəki qandır;
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!

Fərqi yoxdur, sonda yenə də Abbas Səhhətin qənaətlərinə gəlib çıxırıq:

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Tarixin keşməkeşli səhifələrəni vərəqləyib, M.A.Ərsoyun təbirincə desək, şühədalar fışqıran, yəni şəhid qanları ilə yuyulan bu torpaq üzərində, itirdiklərimiz, qazandıqlarımız, doğrularımız, yalnışlarımızla birgə biz hər zaman sələflərimizin layiqli xələfləri olmağa çalışdıq.
Qanını, canını vətən uğrunda fəda edən, sözündə yox, əməlində vətənpərvərliyini sübuta yetirən şəhidlərimizin ruhu şad olsun!

Aynurə Niyaz qızı Paşayeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutu






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25