2015-02-05 03:12:33   |   920 dəfə oxunub

Əlibala Əskərov Zəlimxan Məmmədlinin “günahını” üzünə dedi

"O, hər bir borçalı evində, borçalı insanının qəlbində bir Elat tonqalı qaladı"






 


Dünən  "Borçalı" İctimai Cəmiyyətinin ofisində Gürcüstanda fəaliyyət göstərən "Qeyrət” Xalq Hərakatının sədri Əlibala Əskərovun qəbulu keçirilmişdir.
Sədr Zəlimxan Məmmədli qonağı salamlayıb və cəmiyyətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Daha sonra sözü Əlibala Əskərova verib. Əlibala bəy  Qeyrət Xalq Hərəkatının fəaliyyətindən, Gürcüstanda yaranmış ictimai-siyasi vəziyyət, soydaşlarımızın problemləri haqqında ətraflı danışıb.
Əlibala bəy son zamanlar Gürcüstan siyasi hakimiyyətinin Zəlimxan Məmmədli və Salman Murğuzova qarşı aqressiv münasibətindən və onların öz ata yurdlarına girişinə yasaq qoyulması probleminə xüsusi ilə toxunub: 

"Biz heç zaman "Borçalı" Cəmiyyətinin əleyhinə olmadıq, onun fəaliyyətini hər zaman təqdir etdik. Əlaqələrimiz bəzi obyektiv və subyektiv səbəblərdən  yetərincə qurula bilmədi. Hesab edirəm ki, baş verənlər bizi birliyə səsləyir. Bu gün əsassız olaraq Zəlimxan Məmmədlini və Salman bəyi ata yurdlarına buraxmayan Gürcüstan siyasi hakimiyyəti sabah başqaları üçün də bu destruktiv xətti davam etdirə bilər. Zəlimxan Məmmədlinin "günahı” odur ki, hər bir borçalı evində, borçalı insanının qəlbində bir Elat tonqalı qaladı. Onun buraxılmamasının əsas səbəbi budur. Gürcüstanın bəzi dairələrinə soydaşlarımızın toplum halında olması, onların icma olaraq ictimai-siyasi həyatda üstün mövqe tutmalarını istəməmələri ilə bağlıdır. Biz Gürcüstanı bu hadisəyə və yanaşmaya görə qınayırıq. Azərbaycan tərəfi öz vətəndaşının hüquqlarının təmini üçün daha cəsarətli olmalıdır. Gürcüstanın bu qərarı bölgədə barış və sülh üçün çox təhlükəlidir. Biz bunu durdurmalı, bu ədalətsiz qərarın ləğv edilməsini təmin etməliyik. Bəyan edirəm ki, Gürcüstanın bu aqressiv münasibəti yalnız bu iki nəfərə aid deyil. Bu hərəkət bütün borçalılara qarşı yönəlmiş destruktiv mövqedir. Biz hər zaman Zəlimxan Məmmədlinin, "Borçalı" Cəmiyyətinin yanında olacağıq. Mən həm də eloğlularımızın mütləq əksəriyyətinin mövqeyini ifadə edirəm. Bu prosesdə sona qədər sizinlə varıq və bizə güvənə bilərsiniz.”
Daha sonra çıxış edən, Gürcüstanın ədəbi ictimaiyyətində kifayət qədər tanınan ziyalı Mirzə Maşov görüşdən məmnun olduğunu bildirməklə, Borçalı Cəmiyyətinin doğru xəttinə dəstək ifadə etdi. Şair-publisist-tərcüməçi Qiya Paçxataşvili isə bu görüşdən məmnun olduğunu bildirməkə, iki təşkilat arasında qarşılıqlı əməkdaşlıq haqqında momerandum imzalanmasını təklif etdi. Şair Mədət Coşqun: 

"Bu gün tarix yazılır, Borçalının iki böyük oğlu əl-ələ verir, bir olmağı, diri olmağı bəyan edirlər. Mübarək olsun”.

Digər çıxış edənlər - Firudin İsmayılov, Səadət Buta, Qiymət Məhərrəmli, Əhməd Məmmədli, Hüseyn Yadigarov, Salman Murğuzov, Suleyman bəy bu görüşdən razı qaldıqlarını bildirərək səmərəli təkliflərini veriblər.

Zəlimxan Məmmədli toplantıya yekun vuraraq bu günü tarixi gün adlandırıb. Bildirib ki, biz elimizin, millətimizin birlik və bərabərliyi üçün üzərimizə düşənləri etməyə məhkumuq. Gürcüstan tərəfə ünvanlayaraq "Bizi inzibati qaydada ölkənizə, yurdumuza buraxmaya bilərsiniz, amma yolumuzu kəsə bilməzsiniz” söyləyib. Tədbirin sonunda ən yaxın zamanda daha səmərəli iş birliyinin qurulması və toplumun təməl haqlarının təminində səyləri birləşdirmənin zəruriliyi vurğulanıb. Sonda Zəlimxan bəy Borçalı Cəmiyyətinin xatirə hədiyyəsini Əlibala bəyə təqdim edib.









SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17