2015-04-21 14:11:12   |   647 dəfə oxunub

Xarici dilli mediaya bu gün çox ehtiyac var

Çünki informasiya müharibəsi şəraitində olduğumuz üçün bu bizim çox böyük “silahımız” ola bilər




Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb.

O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub. Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün daim əlindən gələni edib. Azərbaycanda ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispan və s. dillərdə qəzet buraxsın. Bu isə birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Qeyd edək ki, bu gün Azərbaycanda 5000-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar. Xarici dildə nəşr olunan media orqanlarında da söz və mətbuat azadlıqları, fikir plüralizmi qorunmaqdadır. Azərbaycanda fəaliyyət göstərən xarici dilli qəzetlərin fəaliyyətini dəyərləndirən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu hesab edir ki, Azərbaycanda nəşr olunan xarici dilli mətbuatla bağlı olan vəziyyəti ümumi kontekstdə götürdükdə vəziyyət ana dilimizdə nəşr olunan mətbuat orqanlarının vəziyyəti ilə eyni səviyyədədir: "Məsələ ondadır ki, mətbuat ümumiyyətlə internet medianın inkişafı ilə əlaqədar olaraq bir sıra obyektiv səbəblərdən geriləyib. Bu isə təbii ki, bütün mətbuat orqanlarına öz təsirini göstərmiş olur. Əgər məsələyə əcnəbi dildə fəaliyyət göstərən informasiya portalları və ya xəbər portallarındakı vəziyyət kontekstində yanaşsaq, deyərdim ki, bu sahəyə diqqət artırılmalıdır. Unutmayaq ki, bu gün ölkəmizə qarşı informasiya müharibəsi aparılır və müxtəlif dillərdə fəaliyyət göstərən saytlar, bu müharibədə başlıca vasitələr kimi, bizim həqiqətlərimizin dünyaya çatdırılmasında son dərəcə önəmli rol oynayır”. V.Zifəroğlunun sözlərinə görə, bütün anadilli mətbuat orqanları kimi xarici dilli orqanlarla bağlı problem ilk növbədə internet media ilə müqayisədə rəqabətə davamlı olmaması ilə əlaqədardır. Burada isə operativlik son dərəcə ciddi faktor kimi qəbul edilməlidir: "Ümumiyyətlə, hazırda dünya mediasında gedən proseslər KİV-in öz ənənəvi simasını dəyişməsinə səbəb olur. Və bu da şübhəsiz ki, özü ilə bir sıra nəticələr gətirir. Bu nəticələr isə print mediada özünü daha qabarıq, hətta bəzi hallarda ağrılı şəkildə göstərmiş olur”. Xarici dilli KİV-in əhəmiyyətinə gəldikdə isə Vüqar müəllim hesab edir ki, xaricidilli KİV-lər əslində daxili auditoriyadan daha çox, xarici auditoriyaya yönəlir və bu zaman həmin auditoriyanın qazanılması, onlara müəyyən anlamda təsir imkanları əldə olunması baxımından son dərəcə önəmlidir: "Məhz ermənilərin dünyanın müxtəlif ölkələrində diaspora vasitəsi ilə ayrı-ayrı dillərdə uzun illər qəzetlər nəşr edərək öz təbliğatlarını qurmalarının nəticəsidir ki, bu gün Roma papası "soyqırım” ifadəsi işlədir və ya Avropa Parlamenti analoji bəyanat verir. Əcnəbi dillərdə yayımlanan hər bir media orqanı, ilk növbədə bizim həqiqətlərimizi həmin dildə danışan auditoriyaya çatdıran bir vasitədir, ora açılan bir qapıdır. Bu səbəbdən də, bizim də bu sahəyə diqqət etməyimiz son dərəcə önəmlidir. Odur ki, bu gün Azərbaycanda müxtəlif xarici dillərdə fəaliyyət göstərən mediaya çox ehtiyac var. Çünki bu orqanlar bu gün, bizim informasiya müharibəsində olduğumuz bir zamanda son dərəcə önəmli vasitələrdir”. Azərbaycanda əcnəbidilli media orqanlarına oxucu tələbatının səviyyəsinə gəldikdə isə Zifəroğlu deyib ki, oxucu auditoriyası yetərli deyil. Amma yuxarıda da qeyd etdiyim kimi, əcnəbi dildə nəşr olunan media orqanları daxildən daha çox xarici auditoriyaya yönəlir. Bunu nəzərə alsaq, deməli, oxucu auditoriyasının səviyyəsindən asılı olmayaraq Azərbaycanda xarici dilli mətbuat orqanlarının nəşrinə və inkişafına şərait lazımdır.
Azərbaycanda fəaliyyət göstərən xarici dilli mətbuat orqanlarının tarixindən və hazırkı durumundan söz açan Ali Neft Akademiyasının mətbuat katibi, fransızdilli "Le Carrefour” qəzetinin keçmiş baş redaktoru Zeynəb Kazımovanın fikrincə, bu nəşrlərin təxmini desək, yalnız 50-60-ı bu gün normal fəaliyyət göstərir və mütəmadi olaraq çap olunurlar: "Azərbaycanda nəşr olunan mətbu orqanların 126-sı xarici dildə çıxan nəşrlərin payına düşür ki, bu da ümumi nəşrlərin 5 faizdən azını təşkil edir. Onlardan 68-i rus dilində, 55-i ingilis dilində, 1 qəzet fransız dilində, 1-i ispan, 1-i isə alman dilində qeydiyyatdan keçib. Bu qəzetlərin arasında da "adı var, özü yox” məsəlinə uyğun qəzetlər var. Həmçinin burada maraqlı olan bir amil da ondan ibarətdir ki, bəzi qəzetlərin adı ingilis dilində olsa da, əslində həmin qəzetlər elə Azərbaycan dilində nəşr olunur. Yəni adı başqa dildə, özü başqa dildə”.
Zeynəb xanımın sözlərinə görə, Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanlardan danışarkən, ilk növbədə mətbuat tariximizi, xüsusilə də təkcə Azərbaycan deyil, Zaqafqaziya adlandırılan hər üç Qafqaz ölkəsinin mətbuat tarixini nəzərdən keçirmək lazımdır: "Uzun müddət Zaqafqaziyanın inzibati və mədəniyyət mərkəzi Tiflis şəhəri olduğundan mətbuat və ədəbiyyata da bu öz təsirini göstərmişdir. Bakıda rus dilində ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid məlumatlar Tiflisdə çıxan qəzetlərdə əks olunub: "XIX əsrin 20-ci illərində Zaqafqaziyada ilk mətbu orqan "Tiflisskiye vedomosti” qəzeti (1828-1832) olub. 1828-ci ildə rus dilində nəşr olunmağa başlayan bu qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə Azərbaycan dilində buraxılıb. Azərbaycan dilində qəzet "Tiflis əxbarı” adlanıb. "Zakavkazski vestnik” qəzeti isə 1841-ci ildə rus dilində nəşrə başlayıb. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılıb. Qəzet Azərbaycan dilində "Qafqazın bu tərəfinin xəbəri” adı ilə 1845-ci ildə nəşr olunub”.
Z.Kazımova onu da bildirib ki, Azərbaycanda çıxan ilk rusdilli qəzet "Bakinski listok” hesab edilir. İlk nömrəsi 1871-ci il martın 19-da nəşr olunub: "Ümumiyyətlə, 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbu orqan fəaliyyət göstərib. Onlardan 20-si rus dilində, 15-i gürcü dilində, təəssüf ki, elə o qədər də, 15-i erməni dilində, 3-ü isə Azərbaycan dilində olub. Əgər ayrı-ayrı cəmiyyətlərin və təşkilatların rəsmi nəşrlərini nəzərə alsaq, bu rəqəm 69-a çatar. Ümumiyyətlə, XIX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan mətbu orqanlar tatar, rus, gürcü, erməni, fars, türk dillərində olub. Təbiidir ki, bu hal həmin dövrdə çar Rusiyasının apardığı siyasətin tərkib hissəsi kimi təzahür edirdi və bu, "Əkinçi”nin nəşrinədək davam etdi. Azərbaycan milli mətbuatımızın banisi, maarifpərvər ziyalı Həsənbəy Zərdabinin zəhməti ilə ilk Azərbaycandilli qəzetimiz məhz XIX əsrin sonlarında işıq üzü görməyə başladı. Sovet dönəmində isə xarici dildə heç bir mətbu orqan olmayıb. Sovetlər Birliyinə gələn turistlər üçün Avropa dillərində buraxılan müxtəlif bukletləri nəzərə almasaq, belə nəşrlər ümumiyyətlə mövcud deyildi. Rus dili sovet vətəndaşlarının ümumi ana dili olduğundan bu dövrdəki rusdilli qəzetləri bura daxil etmirik”.
Z.Kazımovanın fikrincə, sovet dövründə nəşr olunan əcnəbi dilli qəzetlər arasında "Bakinski raboçi”dən başlayaraq "Kommunist”, "İzvestiya”, "Vışka” və sair mətbu orqanlarının xüsusi çəkisi olub: "Müstəqillik illərində nəşr olunan əcnəbi dilli qəzetlərin ilk qaranquşu isə "Exo” olub. Daha sonra "Zerkalo”, "Günay”, "Nedelya”, "Sodrujestvo” qəzetləri çıxmağa başlayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ölkəmizdə ingilis dilində nəşrlər buraxılıb. Respublikada ilk ingilis dilində nəşr olunan milli qəzet "Azərnyus” olub. İlk dəfə xarici agentliklərə ingilis dilində xəbər yayan informasiya agentliyi 1991-ci ildə yaradılmış "Assa-İrada” informasiya agentliyidir. Bu gün isə ölkədə informasiya agentliklərinin hər biri Azərbaycan dili ilə yanaşı, rus, ingilis dillərində informasiyalar yayır. Həmçinin bir sıra agentliklər ingilis dili ilə yanaşı, fransız, ərəb, fars və alman dilində xəbər və məlumatlar yayır.
Dövri mətbuatda artıq ingilis dilli qəzet və jurnalların sayı artıb və bu gün ölkədə 60-a yaxın qeydiyyatdan keçmiş ingilis dilli nəşr var. Lakin onların heç də hamısı aktiv fəaliyyət göstərmir”.

(davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19