2015-05-19 00:07:56   |   2566 dəfə oxunub

Azərbaycan pedaqoji fikir tarixinə dair maraqlı tədqiqat əsəri

Anar Yusifov




Professor İramin İsayevin 2014-cü ildə pedaqoji-metodik ədəbiyyat kimi nəşr olunmuş "Molla Vəli Vidadidən Hacı Kərim Sanılıyadək” kitabı elmi-metodik tələblərə yetərincə cavab verdiyi üçün pedaqogika elminə dair ən sanballı tədqiqat əsərləri sırasına daxil edilə bilər. Kitabın elmi redaktoru pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, rəyçilər pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, filologiya elmlər doktoru, professor Yaqub Babayev, pedaqoji elmlər doktoru, professor Müseyib İlyasov, redaktoru ARTİ-nin doktorantı A.Ş.Hüseynəliyevadır.

Müəllif Azərbaycan ədəbiyyatının görkəmli, tanınmış nümayəndələri M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, A.Səhhətin və H.Kərim Sanılının ədəbi-bədii əsərlərinə pedaqoji yönümdən yanaşmış, bu tutarlı yaradıcılıq nümunələrini yüksək elmi-metodik səviyyədə tədqiq və təhlil edib, həmin yaradıcı şəxslərin öz maraqlı, geniş məzmunlu, həmişəyaşar əsərləri ilə Azərbaycan pedaqoji fikir tarixində də önəmli yer tutduqlarını inandırıcı, ağlabatan faktlarla göstərə bilib.

Professor İramin İsayev adlarını sadaladığımız söz ustalarının, sənətçilərin bədii yaradacılıqlarının pedaqoji çəkisinin onların müxtəlif janrlarda yaratdıqları əsərlərin gənc nəslin əxlaqi-mənəvi inkişafında önəmli rol oynamasına, təlim-tərbiyənin ayrı-ayrı problemləri ilə bağlı fikirlər irəli sürməyə, pedaqogika elminin müasir tələblərinə uyğun nəzəri ümumiləşdirmələr aparmağa geniş imkan verdiyini söyləyib. O, ədəbi-bədii yaradıcılıqlarını pedaqoji yönümdən təhlil etdiyi yazıçıların gənc nəslə yüksək vətənpərvərlik ideyalarını aşıladıqlarını, xalqın mədəni-əxlaqi səviyyəsini yüksəltməyə çalışdıqlarını, qabaqcıl ənənələri yaşatmağı bacardıqlarını, ictimai bərabərsizliyi, haqsızlığı, qeyri-nomal mühiti kəskin pislədiklərini, həmişə xalqa xoşbəxt gələcək arzuladıqlarını, zamanın aparıcı ideyalarını təbliğ etdiklərini, Vətənin xeyrinə mühüm quruculuq işlərini uğurla başa çatdıra biləcək, ədalətli, xeyirxah, Vətənpərvər, mərd, əməksevər insanlar yetişdirməyi qarşılarına məqsəd qoyduqlarını həmişə xalqın parlaq gələcəyi şən, xoşbəxt, firəvan həyat tərzi barədə düşündüklərini diqqətə yönəldib.

Professor İramin İsayev pedaqogika elminin müasir tələblərinə cavab verən bu mükəmməl monoqrafiyasında M.V.Vidadinin, M.P.Vaqifin, Qasım Bəy Zakirin əsərlərində tərbiyə məsələləri, əxlaq tərbiyəsi ana dili haqqında fikirləri ümumiləşdirilir. Eyni zamanda Abbas Səhhətin ümumtəhsil məsələləri, məktəb, müəllim və mətbuat, təhsilin məzmunu, ana dili və onun tərbiyəvi əhəmiyyəti, tərbiyənin ümumi əsasları, vətənpərvərlik, humanizm, yoldaşlıq və dostluq tərbiyəsi, əmək tərbiyəsi, estetik tərbiyə, ailə tərbiyəsi uşaq ədəbiyyatı və onun pedaqoji əsasları; Hacı Kərim Sanılının pedaqoji fəaliyyəti, onun təlimin ümumi məsələləri, proqram və dərsliklər, tərbiyə, əxlaq tərbiyəsi haqqında və s. məsələlər əhatə olunub. Əsərin fəsilləri və başlıqları arasında bir daxili bağlılıq var. Bu faydalı kitabdan pedaqogika tarixçiləri, müəllimlər, bakalavr və magistratura pillələrində təhsil alan tələbələr məqsədəuyğun bəhrələnə bilərlər.
Tədqiqatçı bədii əsərlərini tədqiq və təhlil etdiyi hər bir yazıçının pedaqoji görüşlərinin incəliklərini, özəlliklərini üzə çıxarır, ədəbi-bədii yaradıcılıqları fonunda onların pedaqoji görüşlərinin ümumi mənzərəsi barədə aydın və dolğun təsəvvür yarada bilib. Əsər Azərbaycan ədəbi dilinin normalarına və üslublarına uyğun yazıldığı üçün nitq mədəniyyətinin tələblərini yetərincə ödəyir.

Monoqrafiya nəzəri ümumiləşdirmələr və elmi müddəalarla zəngindir. Fikrimizin təsdiqlənməsi üçün əsərdə yazılanları diqqətə yönəltməyi vacib sayırıq:

"Humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, saf məhəbbət, əmək adamlarına dərin hörmət Vidadinin tərbiyə haqqındakı fikirlərinin metodoloji əsasını təşkil edir”. Tədqiqatçı Vidadinin gözəl fikir və incə zövq nümunəsi olan lirikasına söykənərək, tərbiyə anlayışını şərh edir. Onun (M.V.Vidadinin-A.Yusifov) fikrincə, tərbiyənin məqsədi elmli, savadlı, bilikli, pak əxlaqlı, xalqın faciəsini öz şəxsi kədəri hesab edən, həyat hadisələrinə fəal müdaxilə etməyi bacaran, yaxşı dost, vəfalı yoldaş yolunda canından keçən, ölənədək yarından ayrılmayan, əqli ilə insanları nurlandıran, humanist, nikbin, mənən azad insan yetişdirməkdən ibarətdir. Vidadiyə görə, əsl şəxsiyyət xalqın mənafeyini qorumalı, yüksək şəxsi keyfiyyətlərin daşıyıcısı olmalı, fitnə-fəsaddan, saray həyatından uzaq dayanmalıdır. Vaqifə görə, ağıl, kamal, mərifət insanın tükənməz var-dövləti, şanı-şöhrəti, başının ucalığı sayılmalıdır. Bədii əsərlərindən belə qənaətə gəlmək mümkündür ki, o, insan ağlının, zəkasının gücünə dərin inam bəsləyib.

"M.P.Vaqifin şeirləri gənc nəsildə elmi dünyagörüşün formalaşmasına, onun keşməkeşli və şərəfli tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz ruhunda tərbiyəsinə geniş imkanlar açır”.

Monoqrafiyanın 267-ci səhifəsində Hacı Kərim Sanılı haqqında oxuyuruq: Onun bizə varis qalmış tərbiyəvi-əxlaqi motivlərlə zəngin olan ədəbi-bədii irsi inkişafımızın indiki mərhələsində, milli özünüdərk, soykökə, qan yaddaşına qayıdış prosesində, "çalxalandıqca yağı-yağ, ayranı-ayran olan bu günümüzün ictimai-siyasi hadisələri fonunda öz aktuallığı ilə seçilir, gərəkli ədəbi-pedaqoji örnək kimi əhəmiyyət kəsb edir”.

Kitabın 73-104-cü səhifələrində III-fəsli Qasım Bəy Zakirin həyat və yaradıcılığını əhatə edir. Tədqiqatçının fikrincə, xalq təəssübü, Vətən balalarını əsl insana məxsus əxlaqlı, əməksevər, yoldaşlıqda, dostluqda sədaqətli, mərd, mübariz, əqilli şəxslər kimi görmək arzusu Zakir lirikasının, onun mənzum hekayələrinin, satirik şeirlərinin və təmsillərinin leytmotivini təşkil edir.

Professor İramin İsayev apardığı araşdırmalar nəticəsində belə bir elmi qənaətə gəlib ki, Qasım Bəy Zakir öz müasirlərinin tərbiyə haqqında düşüncələrindən təsirlənərək tərbiyəni xalqın bəladan xilas olmasının istinadgahı, dayağı sayıb. O, tərbiyənin məqsədinin dövrün ədalətsizliyinə qarşı çıxan mərd, mübariz, əməksevər, yüksək mənəvi sifətləri özündə birləşdirməyi bacaran, dostluğa, yoldaşlığa sədaqətli, etibarlı insanlar yetişdirməkdən ibarət olduğunu göstərib, əxlaqi sifətlərin formalaşmasında ictimai mühitin, eləcə də, irsiyyətin rolunu yüksək qiymətləndirib, insanın tərbiyə edilməsində irsi imkanlara üstünlük vermənin zamanın tələbi ilə bağlı olduğunu söyləsə də, "zatı” xarabların məhəbbətlərinə, sədaqətlərinə inanmamağı tövsiyə edib, tərbiyə və mühitin təsiri ilə belə xarakterli şəxslərin yenidən tərbiyə edilməsinin çətin olduğundan danışıb. Məsələyə həssaslıqla yanaşan professor İramin İsayev Azərbaycanda milli mədəniyyətin, həmçinin pedaqoji fikrin inkişafında xidmətləri dəyərləndirilən Qasım Bəy haqqında irəli sürdüyü fikir və mülahizələrini təsdiqləmək baxımından görkəmli, istedadlı şairin yaradıcılığından maraqlı və xarakterik olan bu misalları nümunə göstərməyi məqsədəuyğun sayıb:

Kim ki, zövqi-eşqi eylər inkar,Sən bil ki, zatında onun şübhə var. (Qasım Bəy Zakir, Əsərləri, Bakı, Elm, 1964, s 336; İramin isayev, s 78). Müəllif Zakirin oxucuları düşündürən, bədii ədəbiyyatda əks etdirilməsinə zəruri ehtiyac duyulan varlıqları, hadisələri qələmə aldığını, reallığı, həyat həqiqətlərini bədii təxəyyülündən keçirdiyini, zəngin xalq yaradıcılığı "bulağın”dan "su içdiyini”, eləcə də xalqın ürəyində əbədi yaşamaq hüququ qazanmış, həmişəyaşar sələflərinin bədii yaradıcılığından məharətlə, ustalıqla bəhrələndiyini, öz dəyərli qoşma, gəraylı, müxəmməs, müstəzad, mənzum hekayə, təmsil və satirik məzmunlu şeirlərində yeniyetmələrin, həmçinin gənclərin tərbiyəsinə güclü müsbət təsir göstərən məsələlərə bədii don geydirdiyini diqqətə yönəldib.

O, Q.Zakirin həyat həqiqəti ilə güclü yaradıcılıq fantaziyasının vəhdətindən yaranmış əsərlərində həmişə zəhmətkeş, sadə həyat tərzi keçirən insanların tərəfində dayandığını, həmin təbəqənin arzu və istəklərini qələmə aldığını, xalqın mədəni səviyyəsi qayğısına qaldığını, ədalətsizliyə, haqsızlığa qarşı çıxdığını, onlara nifrət bəslədiyini söyləyib.

Professor İramin İsayev Qasım Bəy Zakirin əxlaq tərbiyəsi haqqında fikirlərini də təhlil süzgəcindən keçirərək belə elmi qənaətə gəlib ki, insanlara bəşəri dəyərlərə söykənən əxlaqi-mənəvi, əqli yetkinlik, ruhi kamillik yaraşır. İnsan daim kamilləşməyə, zənginləşməyə çalışmalıdır.

Kitabın müəllifi Qasım Bəy Zakirin əxlaq tərbiyəsinin şəxsiyyətin bütün fəaliyyətinə nüfuz etməsi barədə fikirlərinə də xüsusi əhəmiyyət verib.

Professor İramin İsayev Qasım Bəy Zakirin təkcə satiralarında deyil, həm də məhəbbət mövzusunda yazdığı qoşmalarında, gəraylılarında dövrün eybəcirlikləri, hazırlıqları ilə barışmadığını, onları kəskin tənqid etdiyini söyləmiş gözəl şairin "Gözüm yolda qaldı, könlüm intizar”, "Dost yolu bağlandı, ümid kəsildi”, "Dərdbilməzlər qırar məni heç deməz”, "Qadir Allah səbəb sala araya”, "Dost yolunda cəfa çəkdim, can üzdüm”, "Nə müddətdir iştiyağın çəkirdim”, "Fələk səndə nə adətdir”, "Nə müddətdir dost yolları kəsildi” misraları ilə başlanan şeirlərində yüksək əxlaqi hisslər, xoş duyğular, vəfa, sədaqət, fədakarlıq kimi müsbət sifətlər aşıladığını bildirib. Müəllif Qasım Bəy Zakirin belə mükəmməl formalı, yetkin məzmunlu şeirlərini nümunə verməyi, həmin bədii parçalar üzərində yaradıcılıq axtarışları aparmağı daha məqsədəuyğun hesab edib. O, bu şeirlərdə Q.Zakirin dövrün amansızlığını, "qana susaması”nı, "taleyin ədavətini”, şiddətli şəkildə pislədiyini, kəskin tənqid etdiyini, zəmanənin ədalətsizliyinə, zülmə, iztiraba qarşı çıxdığını göstərib. İramin İsayev Q.Zakirin dost yolunu kəsən, insanı Vətəndən didərgin salan dövrana nifrətini əks etdirən şeirini nümunə göstərməyi lazım bilib:

Dost yolu bağlandı, ümid kəsildi,
Qasidin dəmbədəm kitabətindən
Çərxi-sitəmgərin, dövri-zamanın
Ölüb qurtarmadıq ədavətindən.

(Qasım Bəy Zakir, Əsərləri,Bakı,Elm,1964, s 99;).

Professor İramin İsayev monoqrafiyasının IV fəslini Abbas Səhhətin həyat və yaradıcılığına həsr edib.

Müəllifin Abbas Səhhətlə bağlı mühüm və başlıca pedaqoji problemlərin elmi həllinə girişdiyini görürük. Müəllif A.Səhhətin yaşayıb fəaliyyət göstərdiyi ictimai mühiti, onun ictimai-siyasi baxışlarını, yaradıcılığının ideya qaynaqlarını düzgün müəyyənləşdirib.

O, A.Səhhətin yaşayıb fəaliyyət göstərdiyi mühiti, ədibin ictimai-siyasi baxışlarını və yaradıcılığının ideya mənbələrini müəyyənləşdirib, bu görkəmli şəxsin sələflərindən və müasirlərindən öz keyfiyyətləri ilə necə fərqləndiyini, hansı pedaqoji məsələlərlə məşğul olduğunu, dövrü üçün nə kimi faydalı işlər gördüyünü aşkarlayıb, təlimə aid irəli sürdüyü orijinal fikirlərini, tərbiyə ilə bağlı baxışlarını elmi təhlil süzgəcindən keçirib.

Professor İramin İsayev A.Səhhətin tanınmış nəzəriyyəçi-pedaqoq olmasa da, dövrün mühüm pedaqoji problemlərinə ("Bizə hansı elmlər lazımdır” - məktəb və müəllim hazırlığı, təlim üsulları, təlimin ana dilində aparılması, təhsilin məzmunu, tərbiyənin mahiyyəti) və sair mühüm əhəmiyyətli məsələlərə demokratizm mövqeyindən yanaşaraq, onların düzgün və uğurlu həllində fəal iştirak etdiyini, həmin problemlər üzrə yorulmadan çalışdığını göstərib.

(Davamı var)






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16