Adnan Əhmədzadə Vətənə xəyanət etdi - TƏHLİL
Onun davranışları Azərbaycan dövlətinin imicinə və iqtisadi maraqlarına zərbə vurmaq məqsədi daşıyıb və bu da əsasən Rusiyanın diktəsi ilə həyata keçirilib
İş adamı, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsi günlərdir ki, ölkə gündəminin əsas müzakirə olunan mövzuları sırasındadır. İqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə, külli miqdarda mənimsəmə əməllərində ittiham olunan iş adamının öz vətəninə xəyanət sayılacaq cinayətlərə yol verməsi böyük rezonans doğurub.
Uzun illər boyu ölkədə nüfuzlu biznesmen və məmur övladı kimi tanınan Adnan Əhmədzadənin fəaliyyəti sadəcə iqtisadi maraqlarla məhdudlaşmayıb. O, həm də media üzərində nəzarət qurmaq, informasiya mühitinə təsir göstərmək və özünü dövlət daxilində ayrıca güc mərkəzi kimi təqdim etmək üçün müxtəlif addımlar atıb. Əhmədzadənin adı dəfələrlə ofşor şirkətlər, saxta sertifikatlar və şübhəli maliyyə əməliyyatları ilə yanaşı çəkilib. Xüsusilə də Rusiya neftinin başqa ölkələr hesabına bazarlara çıxarılması, beynəlxalq enerji siyasətində gizli oyunlarda iştirakı barədə iddialar onun adını daha çox gündəmə gətirib.
İllər boyu iddialı, hikkəli davranışları ilə diqqət çəkən Əhmədzadə sanki toxunulmazlıq görüntüsü formalaşdırmağa çalışırdı. Lakin indi vəziyyət tamamilə dəyişib. Onun qurduğu planların, cəmiyyət üzərində yaratmaq istədiyi təsirin, informasiya sahəsində nəzarəti ələ almaq cəhdlərinin heç bir mənası qalmayıb. Artıq o, dəmir barmaqlıqlar arxasındadır və bütün əməllərinə görə cavab verməli olacaq. Çünki dövlətimiz ona bir gənc kadr kimi yüksək etimad göstərib. O isə göstərilən etimaddan öz şəxsi maraqları üçün istifadə edib, dələduzluğa və maxinasiyalara yol verib, dövlətimizə ziyan vurub, ölkəmizin işgüzar imicinə xələl gətirən cinayətkar əməllərə yol verib.
Qeyd edək ki, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Onun bu əməli Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
Üstəgəl, iyul ayında Azərbaycandan Rumıniya və İtaliyaya ixrac olunan xam neftin kimyəvi qatqılarla çirkləndirilməsinin də məhz Rusiyanın gizli təlimatı ilə Adnan Əhmədzadə tərəfindən törədildiyi barədə informasiyalar da yayılıb. Rusiyanın Adnan kimi "5-ci kolon"çuların vasitəsilə Azərbaycana qarşı belə bir təxribat törətməsi istər nəzəri, istərsə də praktiki baxımdan mümkündür. Çünki Rusiya son vaxtlar Azərbaycana qarşı bütün vasitələrlə "hibrid müharibə" aparır. Adnan Əhmədzadənin Rusiyanın və ya hər hansı digər ölkələrin xarici kəşfiyyat orqanlarına işləyib-işləmədiyi yəqin ki, təhqiqat işlərinin gedişində üzə çıxacaq.
Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdırılması ilə nəticələnib. Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan bu şəxs dünya bazarına ixrac olunan Azərbaycan neftinin xloridlə çirkləndirilməsində ittiham olunur.
Ekspertlərin fikrincə iqtisadi təhlükəsizliyimizə ağır zərbə vuran bu şəxsin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilməsi ölkəmizin beynəlxalq arenada işgüzar imicinə mənfi təsir göstərə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizənin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, məhkəmə hökmü olmadan konkret ittihamlar irəli sürmək düzgün deyil və hüquqi presumpsiya- günahsızlıq prinsipinə hörmət etmək vacibdir:
"Lakin ölkə mediasında və rəsmi mənbələrdə yayılan məlumatların məzmunu o qədər ciddi və çoxsahəlidir ki, bunu sadəcə “şayiə” kimi nəzərə almaq mümkün deyil. Xəbər agentliklərinin verdiyi məlumatlara görə, Adnan Əhmədzadənin fəaliyyəti yalnız maliyyə xəyanəti ilə məhdudlaşmır; enerji tədarükündə və ixracda ciddi pozulmalar, həmçinin xarici (xüsusilə Rusiya) təsiri ilə bağlı şübhələr irəli sürülür. Bu iddialara görə, Azərbaycan neftinin müəyyən partiyalarında çirklənmə nəticəsində “Azeri Light”ın qiymətində kəskin azalmanın və bunun ixrac gəlirlərinə milyardlarla dollar ziyan vurmasının ehtimalı qeyd olunur. Ən mühüm məsələ odur ki, dövlətin maraqlarına yönələn və onun beynəlxalq etibarına zərər verə biləcək hərəkətlər xarici kəşfiyyat strukturlarıyla hər hansı əlaqə, neft ixracının manipulyasiyası və ya bazarların yanıltılması adi iqtisadi cinayətdən qat-qat ağırdır. Bu tip əməl yalnız “mənimsəmə” yox, həm də milli təhlükəsizliyə zərər kimi qiymətləndirilə bilər. Buna görə də istintaqın ciddiyyəti və sürəti təəccüblü deyil. Hazırda verilən məlumata görə, Adnan Əhmədzadə saxlanılıb və ona qarşı həbs-qətimkan tədbiri seçilib, eyni zamanda Azərbaycandakı əmlaklarına və bank hesablarına məhdudiyyətlər qoyulması xəbərləri də yayılıb. Bunlar istintaqın maddi sübutlara əsaslanaraq hərəkət etdiyinə işarədir. Sözsüz ki, istintaq prosesi davam edir və bütün faktların üzə çıxacağı gözlənilir. Hazırkı mərhələdə mediaya ötürülən informasiyalar isə göstərir ki, Adnan Əhmədzadənin davranışları Azərbaycan dövlətinin imicinə və iqtisadi maraqlarına zərbə vurmaq məqsədi daşıyıb və bu da əsasən Rusiyanın diktəsi ilə həyata keçirilib".
A.Həsrətin sözlərinə görə, Adnan Əhmədzadənin atdığı addımlar sıradan bir qanun pozuntusu deyil, dövlətin strateji maraqlarına yönəlmiş təhlükəli fəaliyyət kimi dəyərləndirilir:
"Belə hərəkətlər, istər-istəməz, Vətənə xəyanət kimi qiymətləndirilir. Çünki dövlətin iqtisadi dayaqlarına, beynəlxalq imicinə və enerji bazarındakı etibarlılığına zərbə vurmaq cəhdləri təkcə daxili maraqlar naminə deyil, xarici təsir və diktə ilə edildiyi barədə iddialar səsləndirilir. Lakin unudulmamalıdır ki, Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki kimi zəif və təcrübəsiz dövlət deyil. Bu gün güclənmiş, qalib mövqeyə sahib olan Azərbaycanı belə cılız və təxribat xarakterli addımlarla sarsıtmaq mümkün deyil. Dövlət institutları kifayət qədər möhkəmlənib və qarşıya çıxan hər hansı təhlükəyə cavab verə biləcək gücdədir".