Ağ dairələr sürücülərə sürəti azaltmağı vizual şəkildə xatırladır - EKSPERT

Bu cür nişanlanmalar sürücülərin davranışına müsbət təsir edir, bəzi ərazilərdə motosiklet qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb

Avropanın bir sıra ölkələrində təhlükəli döngələrdə tətbiq olunan yeni yol nişanlanması diqqət çəkir. Avstriyada ilk dəfə istifadə edilən və sonradan İsveçrə, İspaniya və Şotlandiyada da tətbiq olunan ağ dairələr əsasən motosikletçiləri və digər sürücüləri təhlükəli döngələr barədə xəbərdar etmək məqsədi daşıyır.

Sherg.az xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. 

Mütəxəssis qeyd edib ki, bu nişanlanmalar adətən qəzaların daha çox baş verdiyi dar və görünüş məsafəsinin məhdud olduğu sol döngələrdə tətbiq edilir:

"Ağ dairələr sürücülərə yolun mərkəzinə yaxınlaşmamağı, qarşı zolağa çıxmamağı və sürəti azaltmağı vizual şəkildə xatırladır. Məqsəd sürücünün təhlükəni daha tez dərk etməsi və döngəyə daha təhlükəsiz trayektoriya ilə daxil olmasıdır. Təcrübələr göstərir ki, bu cür nişanlanmalar sürücülərin davranışına müsbət təsir edir. Məlumatlara görə, tətbiq olunduqları bəzi ərazilərdə motosiklet qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, minik və yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların da azalması müşahidə olunub".

R. Ağamirzəyev bildirib ki, müxtəlif ölkələr eyni məqsəd üçün fərqli həllər seçiblər: "Avstriya və İsveçrədə ağ dairələrdən istifadə olunursa, İspaniyada yolun mərkəzinə perpendikulyar çəkilən zolaqlar, Şotlandiyada isə diaqonal nişanlanmalar və əlavə məlumatverici yol nişanları tətbiq edilir. Bütün hallarda məqsəd eynidir: sürücüləri təhlükəli döngələrdə daha təhlükəsiz hərəkət etməyə yönəltmək.

Son illərdə Almaniya, Lüksemburq və İtaliya da bu təcrübənin tətbiq imkanlarını araşdırır. Artan motosiklet qəzaları fonunda Avropa ölkələri yol hərəkəti təhlükəsizliyinin artırılması üçün yeni və effektiv həllər axtarmağa davam edirlər. Ağ dairələr də bu istiqamətdə diqqət çəkən və müsbət nəticə verən yeniliklərdən biri hesab olunur".