Analitik: İran-ABŞ danışıqlarının pərdəarxası heç də hamar deyil

Abutalıb Səmədov: Danışıqların iflası hər an regionu qan gölünə çevirəcək yeni müharibənin başlanğıcına yol aça bilər

İsrail qəti şəkildə tərəflərin danışıqlarına müdaxilə edə bilməyəcək.

Bu gün dünya mətbuatı birmənalı olaraq eyni mövzuya köklənib. ABŞ prezidenti Donald Trampın İranla gözlənilən memorandum barədə verdiyi son açıqlamalar gündəmi zəbt edib. "Axios" portalının yaydığı məlumata görə, sənədin imzalanması 14 iyunda virtual olaraq baş tutacaq. Tramp sosial hesabındakı paylaşımında 2015-ci ildə imzalanmış nüvə sazişini tənqid edərək, həmin sənədin Tehranın nüvə silahı əldə etmək ambisiyalarını məhdudlaşdırmaqda aciz qaldığını iddia edib. O, yeni sazişlə, İranın nüvə fəaliyyətinin qarşısına sədd çəkəcəklərini açıqlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ehtiyatlı mövqe sərgiləyir. O, müqavilənin 14 iyunda imzalanacağını təsdiqləməsə də, danışıqların qaçılmaz olduğunu bildirib. Artıq vasitəçi ölkələr də iş başına keçiblər. Qətər nümayəndə heyəti danışıqlarla bağlı son vəziyyəti müzakirə etmək üçün Tehrana gəlib. İran daxilində isə çalxalanma müşahidə edilir. Tehranda bir qrup etirazçı saziş prosesinə qarşı çıxaraq hökumətin siyasətini tənqid edib.

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, tərəflər artıq 14 bənddən ibarət strateji memorandum üzərində prinsipial razılığa gəlməyi bacarıblar:

“Lakin danışıqların pərdəarxası heç də hamar deyil. İran rəsmiləri bəzi məsələlərin razılaşma çərçivəsində tam həllini tapmadığını bildirir. Taleyüklü diplomatik marafonda, proseslərin ipləri tamamilə Vaşinqton və Tehranın əlindədir. İsrail qəti şəkildə tərəflərin danışıqlarına müdaxilə edə bilməyəcək. Təbii ki, Trampla İsrailin Baş naziri Benyamin Nethanyahu müttəfiq tərəfdaşlar olaraq bir-birləri ilə gizli və dolayı yollarla məsləhətləşmələr aparırlar. Ancaq son söz Trampa məxsusdur”. 

Politoloqun sözlərinə görə, ABŞ və İsrailin İran kontekstindəki hərbi-strateji prioritetləri kəskin şəkildə fərqlənir:

“Artıq ABŞ lideri Netanyahunun tutduğu radikal mövqeyi qəbul etmir, hətta onu tənbeh etməkdən də çəkinmir. Qarşıda hələ həllini gözləyən problemlər dayansa da, tərəflər öz xəyali aləmlərində qələbə təbilini çalmağa başlayıblar. Memorandum ilk növbədə, müharibənin dayandırılması çərçivəsində imzalanacaq. İranın nüvə proqramı üzərində dayanan ixtilafların müzakirəsi, memorandumun imzalanmasından sonra gündəmə gətiriləcək”.

A.Səmədov hesab edir ki, əgər Tehran ABŞ-nin nüvə proqramı ilə bağlı diktə etdiyi şərtlərlə razılaşarsa, müharibə tamamilə dayanacaq:

 “İranın nüvə siyasətinə dair ABŞ-nin irəli sürdüyü şərtlərin təmin edilməsi hərbi gərginliyi azaltsa da, bu addım Tehranın regional nüfuzunu darmadağın edərək, onu geosiyasi arenada məğlub tərəfə çevirəcək. Molla rejiminin ideoloji xəttinə inamını itirən vətəndaşlar, illərdir çəkdikləri məhrumiyyətlərin və verdikləri itkilərin boşa getdiyini dərk edərək, rejimi uğursuz böhran idarəçiliyində ittiham edəcəklər. Danışıqların iflası hər an regionu qan gölünə çevirəcək yeni müharibənin başlanğıcına yol aça bilər”.