Analitik: Minsk qrupunun ləğvi ilə Fransa regiondan çıxarıldı

 Yeni münaqişə ocağı Ermənistan ərazisində yarana bilər

 

“Paşinyan seçkilərdə uduzsa, Rusiya dəstəklədiyi qüvvələr vasitəsilə vəziyyəti gərginləşdirəcək”

ATƏT-in Minsk qrupunun bağlanması qərarı Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyiş var: "Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu, sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi". Qeyd edək ki, ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Qərara əsasən, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Siyasi şərhçi Səxavət Məmməd Sherg.az-a deyib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsindən sonra "Rusiya bu regiondan sıxışdırılır" tipli fikirlər səsləndirilir. Ancaq real vəziyyətə baxdıqda Minsk qrupunun ləğvi ilə bu regiondan sıxışdırılıb çıxarılan ölkə Fransa oldu. Ekspert bildirib ki, Rusiyanın Ermənistanda hələ də təsir rıçaqları var:

"Anklavlar məsələsində vəziyyəti istənilən vaxt gərginləşdirə bilər, bundan əlavə müəyyən razılaşmalar da mövcuddur. Gürcüstan ərazisinin təxminən 20 faizinin işağlda olması da faktdır. ABŞ də regionda ən azı Vaşinqton bəyanatı ilə təmsil olunur. Açıq şəkildə deyə bilərik ki, Fransa bu regiondan tamamilə sıxışdırılıb çıxarılıb. Əlavə etmək lazımdır ki, Fransanın bu regiondan çıxarılmasında Azərbaycanın birbaşa rolu oldu və rəsmi Bakı dirəniş göstərdi. Məsələ bundan sonrakı mərhələdir. Bu region hansı ölkələrin təsir dairəsində olacaq? Rusiya və ABŞ-ni başa düşdük. Bəs yeni oyunçunun bu regiona ayaq açmasına şərait yaradacaqlarmı? İsrailin o potensialı yoxdur, Almaniyanın da həmçinin. Əgər bu regiona üçüncü bir ölkə transfer olacaqsa, bu, Böyük Britaniya ola bilər. Hətta düşünürəm ki, Fransanın sıxışdırılıb çıxarılmasında Böyük Britaniyanın ciddi rolu olub. Yeri gəlmişkən, Ukraynada da Böyük Britaniya ilə Fransanın rəqabət içərisində olduğunu görmək olur".

S.Məmməd "regionda yenidən münaqişə ehtimalı varmı?" sualını belə cavablayıb:

"Mümkün variantdır. Əgər Rusiya bu regionda varlığını sübut etmək istəyəcəksə, anklavlar üzərindən Ermənistan daxilində müəyyən proseslər apara bilər. Zəngəzur dəhlizi adlanan istiqamətində isə münaqişə yarada bilər. Əgər regionda yeni münaqişə yaranacaqsa, bu dəfə bu münaqişə ocağı Ermənistan ərazisində olacaq. Ən azı Rusiya bir neçə dəfə buna cəhdlər edib, sadəcə olaraq Azərbaycan tərəfi Ermənistanın yaşayış məntəqələrinə enməyib. Hazırda dünyada böhranlı bir vəziyyət yaranıb. Böhranın daha da dərinləşməsi gözləniləndir. Məlum böhran bizim regiondan da yan keçə bilməz. Böhrandan ən gözəl çıxış yolu isə toqquşmalardır. Bu məsələdə Azərbaycan və Ermənistan tərəfinin mövqeyindən, dirənişindən çox şey asılıdır. Paşinyan seçkilərdə uduzarsa və Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, o zaman hadisələrin necə inkişaf edəcəyini demək mümkün deyil. Azərbaycan tərəfi yalnız proseslərə adekvat davranmaq üçün hazırlıqlar görə bilir".