Avaraçılığa görə 20 manat cərimə yox, iş verin!” - Hüquqşünasdan sərt etiraz

“Həbsdən çıxanlar işlə təmin olunmasa, yenidən cinayətə sürüklənə bilər”

Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir. Bu, Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin. Dəyişikliyə əsasən isə cərimə növündə cəzanın icrası ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək və bu halda "İcra haqqında" qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq. 

Qeyd edilir ki, Cəzaların İcrası Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilirdi, bu isə təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur, süsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır. Cərimənin icrasında prioritet ardıcıllıq yenidən nəzərdən keçirilib və yeni qaydaya əsasən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsinə qərar verilib. 

Hüquqşünas Mehman Muradlı “Sherga.az”a açıqlamasında cərimənin ilk növbədə əmək haqqına və ya başqa qazanca yönəldilməsinin problemlərə səbəb olacağının dedi: 

- Cərimə də cəzanın bir növüdür. Cərimə ödənmirsə, məhkəmə başqa qərar çıxara bilər, məntəqə tipli müəssisəyə köçürülmə, hətta azadlıqdan məhrumetməyə qədər gedə bilər bu proses. İnsanın iş yeri, faktiki qazancı yoxdusa, cəriməni hansı formada ödəyəcək? Bu məsələnin həlli üçün iş adamlarını, sahibkarları, müəssisə rəhbərlərini cəlb etmık lazımdır ki, məhbusluqdan azad olmuş şəxsləri işlə təmin etsinlər. Həbsdən çıxmış adam cəmiyyətdən təcrid edilməməlidir. Onlar da bu cəmiyyətin üzvüdür. Onlar işlə təmin edilməlidir. Amma işə cəlb edilmirlər, bəzən məcbur olur, başqa cinayətlərə əl atmağa. Əməyə cəlbetmə mütləq olmalıdır. İnsanı əməyə alışdırmaq lazımdır. İnsanı islah etmək üçün əməyə cəlbolunmadan yaxşı, üstün vasitə yoxdur. İnzibati xətalar Məcəlləsinə avaraçılıqla məşğul olmaqla bağlı maddə salınıb. Niyə işləmirsən, niyə bekarsan deyib, bir nəfəri cərimə ediblər 20 manat. Bu, hansı məntiqə sığır? İşləməyən şəxs o cəriməni necə ödəyəcək? Evini satışa çıxaracaq, mülkünü satacaq ki 20 manatı ödəsin. Bu, insanların daha da müflis olmasına gətirib çıxaracaq. Qarabağda nəhəng tikinti, abadlıq işlri gedir. Başqa ölkələrdən işçi qüvvəsi cəlb edincə, elə öz vətəndaşlarımızı cəlb etsinlər işə, iş versinlər, qazancları olsun, dolansınlar.