Avropa Məhkəməsi həqiqətin yanındadır

Ermənistanın siyasi manipulyasiyasını rədd etdilər

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) Ermənistanın növbəti vəsatətini rədd edib. Bunu Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tviter hesabında yazıb. 

O bildirib ki, Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib: “Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir”. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin iyul ayında da İrəvanın iddiasını rədd etmişdi. Məhkəmə Ermənistanın “erməni hərbi-təxribatçılarının məhkəmələrinin dayandırılması” üçün verdiyi vəsatəti rədd etmişdi. 

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə açıqlamasında deyib ki, hüquqi baxımdan yetərli dəlil-sübut olmadığı, əsassız məhkəmə iddia olduğu üçün AİHM Ermənistanın vəsatətini rədd edib. Ekspert vurğulayıb ki, qərarın siyasi çalarları da var: 

“Ermənistan 44 günlük savaşda məğlub duruma düşdükdən sonra olan-qalan əhəmiyyətini də itirdi. Azərbaycan isə həm qalib ölkədir, həm də Avropanın mühüm qaz təminatçılarından biridir. Xüsusən, Ukrayna-Rusiya müharibəsindən sonra rəsmi Bakının cəlbediciliyi daha çox artıb. Son aylarda Avropanın aparıcı ölkələrinin, nüfuzlu təşkilatlarının rəsmiləri Azərbaycana ya birbaşa səfər edir, ya da telefon əlaqəsi saxlayırlar. Görünür, indiki məqamda Azərbaycanı incik salacaq, qəzəbləndirəcək addım atmaqdan çəkinirlər. Həm də Avropa Məhkəməsi məğlub Ermənistanın hüquqi məsələlər üzərində siyasi manipulyasiya ilə məşğul olduğunu görüb və İrəvanın absurd vəsatətini geri çevirib. Ermənistan həqiqi mənada cığalçılıq edir. Əlbəttə, istənilən halda Ermənistanın sərsəm iddialarının qəbul edilməməsi Azərbaycanın xeyrinədir”.