ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılmasında birbaşa iştirak etmək istəyən ölkələrin sayının artmaqda davam etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.
“Qoşulan ölkələrin sayı getdikcə artır. Onlar artıq iştirak edirlər. Amma mənim göndərmələrini istədiyim qədər qoşun göndərəcəklər”, - Tramp bildirib.
Beynəlxalq missiyanın nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab olaraq ABŞ Prezidenti söyləyib ki, müəyyən formada artıq fəaliyyətdədir. Amma o, bunun hansı formada olacağı və ya hansı ölkələrin sülhməramlı kontingentdə iştirakını dəqiqləşdirməyib.
“The Wall Street Journal” bundan əvvəl mənbələrə istinadla yazıb ki, hələlik heç bir ölkə ABŞ-yə İsraillə Fələstinin HƏMAS Hərəkatı arasındakı münaqişənin həlli çərçivəsində beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində Qəzza zolağında öz qoşunlarını yerləşdirməyə razılıq verməyib.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Qəzza zolağında beynəlxalq qüvvələri yerləşdirmək planı üzərində işləməyə başlayıb. “National” bundan sonra aydınlaşdırıb ki, bu plana Misir, Azərbaycan, Türkiyə və İndoneziyadan ən azı 4000 hərbçi daxil olacaq. Onlar ağır silahlarla silahlanmayacaq və sülhməramlı qüvvələrə bənzər mandata malik olacaqlar.