Azərbaycan, Türkiyə və Pakistanın illik hərbi əməkdaşlıq planı:“Dəniz qüvvələrinin təlimi...”

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırır. Türkiyə isə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştirakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərdə Azərbaycanın da iştirakı gözlənilir.
“Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək. “Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır.
“Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Bu təlimlərə ABŞ özünün P-8 “Poseidon” kəşfiyyat təyyarəsini göndərəcək.
Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir-birinin ardınca birgə təlimlər keçiriblər. 
Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.
Sözügedən təlimin əhəmiyyətini “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın illik hərbi əməkdaşlıq planı tərtib olunub.Ş.Ramaldanov qeyd edib ki, həmin planda olan tədbirləri yerinə yetirmək məhz dəniz qüvvələrinə də aiddir:
““Nusret-2021” təlimi Azərbaycan, Türkiyə və Pakistanın hərbi əməkdaşlığının inkişafından xəbər verir. Üç ölkə arasındakı dostluq münasibətləri hər kəsə bəllidir. Bu dövlətlərin dənizçiləri birgə fəaliyyət göstərərək, qarşıya qoyulan tapşırıqları birgə yerinə yetirmək üçün koordinasiya və əlaqələndirmə ilə fəaliyyətlərini həyata keçirirlər. Hər bir təlim ilk növbədə təcrübə üçün vacibdir. Əlbəttə, hər dövlətin özünəməxsus təcrübəsi var. Həmin təcrübələr demək olar ki, bir tapşırığı yerinə yetirməyə istiqamətləndirilib. Bu da çox böyük fayda gətirir. Çünki Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrinin dənizçiləri bir-birinin təcrübəsindən yararlanır, bilgilərini bölüşürlər. Məlumdur ki, Azərbaycan son 2 ildə Xəzər dənizində keçirilən təlimlərdə birincilik qazanıb. Bundan əvvəl də yüksək göstəricilərimiz olurdu. Rusiya, İran və Qazaxıstan dövlətlərinin iştirak etdiyi təlimlərdə birincilik qazanmaq məhz Azərbaycan hərbi dəniz qüvvələrinin inkişafından xəbər verir”.
Polkovnik vurğulayıb ki, Türkiyə və Pakistanın dəniz donanmasının dərin tarixi var və böyük inkişaf yolu keçiblər:
“Hər iki ölkənin hərbi gəmiləri və zəngin texnikası var. Ona görə də Azərbaycanın “Nusret-2021” təlimində iştirakı vacibdir. Bu təlimlər qarşıya qoyulan məqsədlərə nail olmaqda hər üç ölkə üçün böyük əhəmiyyətə malikdir”.