Azərbaycandan Rusiyaya köç yarıbayarı azalıb - Son 15 ilin ən zəif göstəricisi

2025-ci ildə köçürülmə proqramı çərçivəsində Rusiyaya 26,7 min nəfər gəlib. Bu, son 15 ilin ən aşağı göstəricisidir.

Bakupost.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rəqəmlərə görə, ən çox köç edənlər Qazaxıstandan (35%) və Qırğızıstandan (11%) olub. Digər ölkələr üzrə paylar belədir: Türkmənistan – 9,6%, Özbəkistan – 9,5%, Tacikistan – 9,2%, Ermənistan – 8,3%.

Azərbaycan və digər ölkələrin payı isə cəmi 17,4%-dir, burada Almaniya, Baltikyanı ölkələr, Ukrayna, İsrail, Gürcüstan və Belarus da daxil edilir.

Əgər Azərbaycan payını 17,4%-in yarısı kimi hesab etsək (təxmini), 2025-ci ildə təxminən 2,3–2,5 min Azərbaycan vətəndaşı Rusiyaya köç edib.

2005–2010-cu illərdə bu rəqəm illik təxminən 5–6 min nəfər civarında olub, yəni son 15 ildə Azərbaycan köçü təxminən yarıya enib.

Ekspertlər bildirirlər ki, proqram leqalizasiyada çətinliklər, sosial adaptasiya problemləri və bürokratik maneələrlə üzləşir.

Bundan əvvəl məlum olub ki, Almaniyanın REAG/GARP proqramından 2025-ci ildə Rusiyaya geri dönmək üçün 1334 nəfər istifadə edib. Proqram uçuş xərclərini əhatə edir və birdəfəlik müavinət – 20 yaşdan yuxarı şəxslərə 1 000 avro, azyaşlılara 500 avro nəzərdə tutur.

Mütəxəssislər vurğulayır ki, Azərbaycan və digər Cənubi Qafqaz ölkələrindən köç edənlərin sayı Qazaxıstan və Qırğızıstan vətəndaşları ilə müqayisədə hələ də azdır, lakin 2025-ci il statistikası köçün ümumilikdə kəskin azaldığını göstərir.