Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu başa çatıb - Millət vəkili

“Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir”.

Bu barədə “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır: 

“Artıq Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu başa çatıb. Azərbaycan Aİ-nin 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. İkitərəfli əsasda imzalanmış strateji tərəfdaşlıq sənədləri əməkdaşlığın perspektivliyindən xəbər verir. Onu da qeyd edək ki, hazırda Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq uğurla inkişaf edir. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılır. Azərbaycan qazı artıq Aİ-nin üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Aİ-nin digər üzv ölkələrinə genişləndirilə bilər. Bütün bunlar həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin konstruktiv əməkdaşlığa əsaslandığını, davamlı inkişafda olduğunu söyləməyə əsas verir”.