Bakı silahı yerə qoyanlara amnistiya təklif edir

Ancaq terror fəaliyyətini davam etdirmək niyyətində olan separatçılara qarşı ən ağır tədbirlər görüləcək

  Prezidentin köməkçisi Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib ki, Bakı silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir: “Keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu şəkildə təsnif etmək olarsa, biz amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən “Qarabağ silahlı birləşmələri”nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək. Hazırda isə biz görürük ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verirlər”.
 
 Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərlə bağlı ümumi əfv sərəncamının mümkün olması ilə bağlı fikirlərini səsləndirmişdi. Deputatın sözlərinə görə, çox təəssüf ki, ermənilər həmin dövrdə bu fürsətdən yararlanmadılar:

 "Nəticə etibarı ilə sentyabrın 19-20 tarixlərindəki hadisələr yaşandı. Hazırkı mərhələdə Azərbaycan ərazisində olan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi prosesi gedir. Hikmət Hacıyev Azərbaycan Prezidentinin mövqeyini bir daha bəyan edir ki, silahı yerə qoyan, təslim olan separatçılar, döyüşçülər üçün amnistiya nəzərdə tutula bilər. Bu, hər şeydən öncə dövlətimizin humanist mövqeyi və sülhün əldə olunması istiqamətində israrı ilə əlaqələndirilməlidir. Azərbaycan ciddi dövlət kimi humanist dəyərlərə söykənərək hərəkət edir və qisasçılıqdan uzaq olduğunu, bağışlamağı bacardığını göstərir. Lakin əfsuslar olsun ki, hələ də Azərbaycan Ordusuna qarşı müqavimət göstərməyə çalışan, razılaşmaları pozmağa cəhd edən qruplar var. Onlarla bağlı Azərbaycanın atacağı yeganə addım dəmir yumruğu onların başına endirmək olacaq. Hələ də terror fəaliyyətini davam etdirmək niyyətində olan separatçılara qarşı ən acımasız tədbirlər həyata keçiriləcək. Bu da onların seçimi olacaq".