
Buça qana bələnib: Qərb və Rusiya bir-birini qətliamlarda suçlayır
Yusif Nəzərli
10:19 06.04.2022
Aktual
621
"İttiham etmək asandır, əsas məsələ suçu isbat olunmuş qarşı tərəfi cəzalandırmaqdır"
Kiyev vilayətinin Buça şəhərində çoxlu sayda dinc insanların qətlə yetirilməsi haqqında videogörüntülər yayılıb. Rəsmi Kiyev Buçadakı faciəvi hadisədə Rusiyanı günahlandırıb. Qətliamın Buçadan geri çəkilən Rusiya ordusu tərəfindən törədildiyini açıqlayıb. Rəsmi Moskva isə Kiyevin Buça ilə bağlı iddialarını feyk adlandırıb. Kreml Buçada baş verənlərdə Rusiyanın əlinin olmasını qəti şəkildə rədd edib. Ukrayna Prezidenti Vladimir Zelenski Buça şəhərini ziyarət edib.
Ölkə rəhbəri işğalçıların etdiklərinə baxmağın çox ağrılı olduğunu deyib:
“Onlar hər bir hərbi cinayətə və torpağımıza gətirdikləri bütün acılara görə cavab verməli olacaqlar. Öldürülən ukraynalıların meyitlərini bir çox küçələrdən götürüblər. Lakin həyətlərdə, küçələrdə cəsədlər qalmaqdadır. Xüsusən “uşaq” yazılmış avtomobillərdə güllə izləri görmək daha ağırdır. İşğalçıların etdikləri ilə bağlı yenicə araşdırmalara başlamışıq”.
ABŞ Prezidenti Co Bayden Buçada baş verənləri soyqırım hesab etməkdən imtina edib. Bayden “xeyr, məncə, bu, müharibə cinayətidir” deyib. Ukrayna lideri Vladimir Zelenski isə Buçadakı qətliamı soyqırım adlandırmışdı. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Buçadakı hadisələr Rusiyanı təqsirli göstərmək məqsədi daşıyan təxribatdır.
Onun sözlərinə görə, Buçadakı təxribat Rusiya hərbçiləri oranı tərk etdikdən sonra törədilib: “Beynəlxalq humanitar gündəmdəki aktual məsələlərin ətraflı müzakirəsi Ukraynadakı vəziyyətə diqqət çəkdi. Rusiya tərəfi Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələrə ətraflı qiymət verib. Orada baş verənlərin Rusiya Silahlı Qüvvələrinin çıxarılmasından sonra törədilmiş cinayətlərdə Rusiyanı təqsirli göstərmək məqsədi daşıyan açıq təxribat olduğu vurğulanıb”.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov da bildirib ki, Ukrayna hərbçiləri rusiyalı hərbçilərini mülki şəxslərə qarşı zorakılıqda ittiham etmək üçün yeni təxribatlar təşkil edib:
“Təsdiq olunmuş məlumata görə, aprelin 4-də axşam saatlarında Kiyevdən 23 kilometr şimal-qərbdə yerləşən Moşçun yaşayış məntəqəsində 72-ci Ukrayna Baş Psixoloji Əməliyyatlar Mərkəzinin hərbçiləri sonradan qərb mediası vasitəsilə yayılması üçün guya Rusiya Silahlı Qüvvələrinin zorakılıq hərəkətləri nəticəsində həlak olmuş mülki şəxslərin növbəti səhnə çəkilişini aparıblar”.
O əlavə edib ki, Ukrayna güc strukturları Sumı, Konotop və digər şəhərlərdə analoji tədbirlər təşkil edib. Ekspertlər diqqətə çatdırıblar ki, dünya Rusiyanın Buçadakı qətliamından danışır, yəqin ki, Mariupolda bundan da dəhşətli mənzərələr var.
Lakin Rusiyanın beynəlxalq məhkəmələrdə buna görə cəzalandırılacağı hələ də sual altındadır, çünki proses mürəkkəbdir. Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını dəstəkləməyib. Yəni veriləcək qərarlar Rusiya tərəfindən icra edilmir. Qərarın icrası BMT Təhlükəsizlik Şurasına həvalə edilsə belə, Rusiya veto qoymaq hüququndan istifadə edəcək. Cəza üçün Rusiyanın da qoşulduğu Soyqırımı Konvensiyası işləyə bilər. Bunu da dünya qəbul etmir. Məsələn, Bayden Buçada olanları soyqırımı yox, müharibə cinayəti adlandırır.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə deyib ki, ötən dövr ərzində hər iki tərəf, həm Qərb ölkələri, həm də Rusiya bir-birini kütləvi qətliamlarda, soyqırımlarda ittiham ediblər. Analitikə görə, Rusiya da Qərbi bir çox cinayətlərin törədilməsinin əsas iştirakçısı sayır:
“Suallar çoxdur. Özü qətliam və soyqırım törətməkdə suçlanan Qərbin başqa bir cinayətkarı - Rusiyanı ittiham etməsi hansı nəticələr verəcək? Qərbin ittihamları Putini mühakimə etmək üçün hansısa əsas yaradırmı? İttiham etmək asandır. Əsas məsələ suçu isbat olunmuş qarşı tərəfi cəzalandırmaqdır.
Hazırda bunu reallaşdırmaq üçün imkanlar mövcud deyil. İndiki halda bu, sadəcə, informasiya savaşı sayılır.
Həqiqətən də hibrid savaşda Ukraynanın bir sıra şəhərlərindəki cinayətlərin kimin tərəfindən törədilməsi maraq doğurur və ajiotaja səbəb olur. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi maneələrlə üzləşdiyimizi hamı yaxşı bilir. Eyni məsələ Ukrayna üçün də keçərlidir.
Bəli, Buçada insanlıq əleyhinə müharibə cinayətləri törədilib, qanlı əməllər var. Amma qarşı tərəfi ittiham etmək üçün beynəlxalq hüquq, insan haqlarının qorunması yetərli səviyyədə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm