Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur

"Axios" portalı amerikalı rəsmilər arasından olan mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasındakı neft infrastrukturunun nəzarətə götürülməsi üzrə hərbi əməliyyatın keçirilməsi variantını nəzərdən keçirir.

Onların məlumatına görə, Ağ Ev administrasiyasının rəhbəri İranın Xarq adasında yerləşən əsas neft anbarını ələ keçirmək imkanını təhlil edir. Materialda qeyd olunub ki, bu planın həyata keçirilməsi ABŞ tərəfindən quru hərbi əməliyyatının aparılmasını tələb edəcək.

Portal bildirib ki, dövlət başçısı əgər tanker gəmiçiliyi Fars körfəzi akvatoriyasında bloklanmış vəziyyətdə qalmaqda davam edərsə, belə bir addım atmağa qərar verə bilər.

Portalın həmsöhbətlərindən birinin qeyd etdiyinə görə, Amerika Prezidenti hesab edir ki, ada infrastrukturu üzərində nəzarətin yaradılması Tehranı öz gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum etməyə imkan verəcək. Nəşrdə həmçinin göstərilib ki, Vaşinqton İranın regiondakı qonşu dövlətlərin neft obyektlərinə endirə biləcəyi mümkün cavab zərbələrindən narahatdır.

"Burada həm əhəmiyyətli risklər, həm də ciddi faydalar mövcuddur. Prezident bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib və biz onun bu addımı atacağını iddia etmirik", - portal öz mənbəsinin sözlərindən sitat gətirib.

Daha əvvəl ABŞ Xarq adasında İranın 90 hərbi hədəfini məhv etmişdi. ABŞ-nin bu addımları təbii ki, vəziyyəti daha da çətinləşdirir və kompromis imkanlarını azaldır.

Məqsəd aydındır: İranın neft ehtiyatlarını ələ keçirmək. İran asanlıqla buna imkan verməyəcək. Bu isə tərəflər arasında qarşıdurmanı növbəti mərhələyə çatdıra bilər.

Böyük ehtimalla ABŞ Xarq adasında ciddi əməliyyatlara başlayacaq. Çünki müharibənin məqsədlərindən biri də elə budur: İranın neft ehtiyatlarına yiyələnmək. ABŞ, yəqin ki, hədəfinə çatmadan döyüşləri dayandırmaz. Bu baxımdan İran quru əməliyyatlarının başlanması da gözləniləndir. Bu isə müharibənin genişlənməsi deməkdir.

Ümumiyyətlə, proseslər belə deməyə əsas verir ki, bir həftədən sonra ABŞ dəniz piyadaları Xark adasına çıxacaqlar və ola bilsin, həmişəlik orada yerləşəcəklər. Bununla da İranın bütün neft ticarətinin ipi ABŞ-ın əlində olacaq. Müharibənin taleyi bununla da həll olunacaq.

Kənan Novruzov