Tulpar Janibyek: "Məmurlar vaxt çatışmazlığını əsas gətirərək geniş məqalələri oxumur"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünün çıxış və müsahibələri də daxil olmaqla, irihəcmli mətnləri oxumadıqlarına görə dövlət qulluqçularını tənqid edib. Bu barədə o, hökumətin genişləndirilmiş iclasında danışıb.
Prezident deyib ki, bu tendensiya siyasətçilərə yaraşmır:
“Hökumət üzvləri ilə söhbətlərimdən başa düşdüm ki, həç kim mənim (“Türküstan” qəzetinə verdiyim) son müsahibəmi kifayət qədər diqqətlə oxumayıb. Eyni hal Qızılordada keçirilən Milli Qurultaydakı çıxışıma da aiddir. İnternetin təsiri ilə uzun mətnləri oxumaq çətinləşib, üstəlik, indi kitab və məqalələrin məzmununu dinləmək imkanı da var, amma bu dövlət qulluqçularına yaraşmır”.
Kaşım-Jomart Tokayev hamını oxumağa çağırıb.
Qazaxıstan Al-Farabi Universiteti, Jurnalistika Fakültəsi müəllimi, media eksperti Tulpar Janibyek Sherg.az-a bu tənqidə dövlət qulluqçuları, dövlət işçilərinin məruz qaldığını deyib. Jurnalistlərin prezidentin çıxışından sonra bu mövzuya daha həssaslıqla yanaşdığını söyləyib: 
"El-Farabi Qazax Dövlət Universitetində fakültə rəhbərliyi, dekanımız da daxil olmaqla, dövlət başçımızın bu sözlərinə xüsusi diqqət yetirdik. Onun qəzetdə dərc olunan yazılarını, məqalələrini qiymətləndirərək sosial mediada paylaşdıq".
Media eksperti vurğulayıb ki, dövlət qulluqçularının diqqətli oxumamasının ən başlıca səbəbi rəqəmsal və sosial medianın təsiridir:
"Cəmiyyət, insanlıq olaraq sosial mediada məlumatların daha qısa və yığcam verilməsinə öyrəşmişik. Uzun yazıları, geniş müsahibələri oxumağa laqeyid yanaşırıq. Zamanımızın olmadığını əsas gətiririk və vaxtımızı çox alacağını düşünürük. Bu səbəbdən danışıq və yazılar uzun və mürəkkəb görünür.
Buna görə də sosial mediada yayımlanan bəzi xəbərlərin qısa və yığcam olması vacib çıxış yolu kimi qiymətləndirilə bilər".