Dünyanın aparıcı şirkətləri ölkəmizlə əməkdaşlıq üçün yarışır -ŞƏRH
Azərbaycan investisiya mərkəzinə çevrilir
“Prezidentin ABŞ görüşləri nəticəsində ölkəyə yeni divident dalğası gəlir”
Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb. Ölkəmizlə “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.
Dövlət başçısı Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə də görüşüb. Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib. Söhbət zamanı Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb. Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib. Nəzərə çatdıraq ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.
Ölkə rəhbəri səfər çərçivəsində "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə də görüşüb. Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Məlumat üçün bildirək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.
Ümumiyyətlə, cənab Prezidentin ABŞ-yə işgüzar səfəri və da BMT Baş Assambleyasının 80-ci, yubiley sessiyasındakı çıxışı mühüm əhəmiyyət kəsb edir. ABŞ və digər ölkələrdə Azərbaycana olan marağı nəzərə alaraq, Prezident Assambleya çərçivəsində və ondan kənar müxtəlif görüşlər keçirir. ABŞ-nin və dünyanın böyük alternativ enerji, rəqəmsal iqtisadiyyat və telekommunikasiya şirkətlərinin rəhbərləri Azərbaycan lideri ilə görüşmək üçün böyük maraq göstərirlər. Dünyanın ən böyük büdcələrə malik şirkətlərin rəhbərlərinin Prezidentlə görüşə xüsusi maraq göstərməsi Azərbaycan liderinin və ölkənin dünya miqyasında nüfuzunun göstəricisidir. Əslində, sözügedən transmilli və qlobal şirkətlər özləri ayrıca "ölkə" kimi qəbul edilə bilər, çünki həyata keçirdikləri layihələr bütün dünyanı əhatə edir. Görünür, Azərbaycanın yeni dünya düzənindəki rolu və cənab Prezidentin apardığı siyasət transmilli korporasiyaların da diqqətindən yayınmır.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a deyib ki, ABŞ-də səfərdə olan Azərbaycan Prezidenti bir sıra mühüm görüşlər keçirir. Deputat vurğulayıb ki, dövlət başçısının beynəlxalq iqtisadi münasibətlərdə sərmayə və kapital yönümlü nüfuzlu şirkət rəhbərləri ilə görüşlərində Azərbaycanla əlaqələrin dərinləşməsi üçün fikir mübadiləsi aparıldı:
"Xarici şirkətlərin Prezidentimizə və Azərbaycana maraq göstərməsinin əsas səbəbi ilk növbədə qlobal investisiya üçün ölkəmizdə uyğun şərtlərin olmasıdır. Bu, məsələnin birinci tərəfidir. İkincisi, sərmayə sabit mühiti sevdiyi üçün Azərbaycanda uzunmüddətli sabitliyin təmin olunması şirkətlərin diqqət mərkəzindədir. Digər yandan, Azərbaycan iddialı layihələrlə çıxış edir, coğrafiyamızı logistika və yükdaşıma mərkəzinə çevirir. Tranzit imkanlarını artırır, yeni innovativ sənayenin inkişafı ilə bağlı qətiyyətli addımlar atır. Dolayısı ilə Azərbaycanda həm də yaşıl iqtisadiyyatın əsasları yaradılır. Bu isə yenə investor şirkətlər üçün ayrıca cazibə yaradır".
Parlament üzvü vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin ölkə iqtisadiyyatına qazandırılması tamamilə yeni iqtisadi münasibətlərin formalaşması və Qarabağdakı iqtisadi resurslarımızın Azərbaycanın maraqları uğrunda realizə olunması məsələlələri aktualdır:
"Bütün bunlar, yəni Azərbaycanda olan sabitlik, investisiya mühiti, yeni perspektivlər, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzunmüddətli layihələrin məntiqi nəticəsidir. Ona görə də Azərbaycan Prezidentinə, həm də Azərbaycana olduqca böyük maraq var. Bu isə şübhəsiz ki, Azərbaycana yeni dividentlər gətirəcək".