"Ekologiyaya daha az ziyan vuran və daha təhlükəsiz avtomobillərin gətirilməsi üçün təşviq proqramlarına ehtiyac var"
Avtomobil bazarında qiymət artımı start götürüb. Buna səbəb ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddətinin 2026-cı il 1 yanvar tarixindən başa çatmasıdır. Hazirlər Kabineti tərəfindən isə Milli Məclisə Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanuna dəyişikliklə bağlı layihə təqdim olunub.
Layihəyə əsasən, raritet avtonəqliyyat vasitələrinin (istehsal müddəti 40 ildən artıq olan, retro hesab edilən avtomobillər), eləcə də idxal edilən əntiq əşyalar, incəsənət əsərləri, kolleksiyaların idxalı 18 faiz əlavə dəyər vergisindən (ƏDV), aksizdən və gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Rariten avotomobillər və əntiq əşyalara tələbatın az, hubrid və elektromobillərə isə tələbatın çox olduğunu vuğulayan mütəxəssislər ikincilərə vergi və gömrük güzəştlərinin davam etməsinin daha məqsədəuyğun olacağı qənaətindədirlər.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu layihə təsdiqlənərsə sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edəcək:

- 350 manat təqaüd alan vətəndaşlar və ya 700 manat maaşla dolanan insanlar üçün bahalı əntiq əşyaların ƏDV-dən azad edilməsi heç bir əlavə üstünlük vəd etmir. Cəmiyyətin böyük hissəsi üçün prioritet məsələ dərmanların, uşaq qidalarının və əsas ərzaq məhsullarının qiymətidir. İllərdir dərman vasitələrində və sosial əhəmiyyətli məhsullarda 18 faiz ƏDV-nin azaldılması və ya ləğvi təklif olunur, lakin bu istiqamətdə ciddi addım atılmayıb. Əvəzində isə məhdud sayda kolleksiyaçı və imkanlı şəxslərin maraqlarına xidmət edən güzəşt gündəmə gətirilir. Qanun layihəsində istisna muzeylər və ya dövlət sərgiləri üçün ayrıca mexanizm kimi nəzərdə tutulmur. Yəni güzəşt bütün idxalçılara şamil edilə bilər. Bu isə qərarın mədəniyyət siyasətindən çox, fərdi maraqlara xidmət etdiyi barədə suallar doğurur.
N.Cəfərli bildirdi ki, elektromobillərin və hibrid avtomobillərin idxalına güzəştlərin ləğvi avtomobil bazarında qiymətlərin artmasına səbəb olub:
- Qiymətlər 15-20 faiz arası bahalaşıb. Bu da kifayət qəsər ciddi suallar doğurur. Əgər hibrid avtomobillər və elektromobillər ekologiyaya daha az ziyan vurursa, daha təhlükəsizdirsə, Azərbaycanın ümumən avtopark köhnədirsə, biz ancaq paytaxtı görürük, amma regionlarda da avtoparklar çox köhnədir, sovetdənqalma avtomobillərdir. Ümumiyyətlə ölkənn tamamını götürsək, 60 faizi 20 yaş və daha qoca avtomobillərdir. Ekologiyaya daha az ziyan vuran və daha təhlükəsiz avtomobillərin gətirilməsi üçün təşviq proqramlarına ehtiyac var. Təəssüf ki, bu təşviq proqramlarınının müddəti bu il uzadılmadı, bu da yerli avtomobil bazarında qiymətlərin bahalaşmasına səbəb oldu, bahaaşma olanda da təbii ki maraq da azalır. Bazarda durğunluq yaranır.