“Əmək haqqını ayda 2 dəfə vermək vətəndaşa böyük fayda gətirməyəcək” - İqtisadçı

Vergi və dövlət büdcəsi yerində, maaşın bölünməsi cəmi dəyişmir, yalnız xərcləmə rahatlaşır

Əmək haqlarının ayda 2 dəfə verilə biləcəyi vətəndaşlarda maraq oyadıb. Bu, necə olacaq? Xatırladaq ki, sovet əmək münasibətləri sistemində əmək haqqının ayda 2 dəfə (avans və əsas hissə “poluçka”) verilməsi qaydası mövcud olub. Əməkçilərə aylıq əmək haqqı 2 hissəyə bölünərək ödənilirdi. Bu nə məqsədlə edilirdi, niyə belə idi, təfərrüatları dəqiq bilməsək də, mülahizə yürütmək olar. Məsələn, belə ki, zəhmətkeş ayın əvvəlindən çalışır, motivasiya olsun deyə, bəlkə də hər hansı sosial ehtiyacını ödəyə bilsin deyə, maaşın bir hissəsi, az miqdarda ödənilir, sanki “ayı başa vur, daha yaxşı çalış, maaşını tam alacaqsan”, tipli mesaj ötürülür. Ayın sonunda da əmək haqqının qalan böyük qismi ödənilir. Sovet illərində zəhmətkeşlər həyat tərzini əmək haqqına görə müəyyən etdiyindən, ehtiyaclarını əmək haqqı ilə qarşıladığından bu model sərf edirdi. Amma 30 ildən çoxdur müstəqilik, iqtisadiyyatımız da bazar modelinə keçib. İndi sahibkar, işəgötürən var, bir də işçi. Birincilər qaydaları diktə edir. İşdi-şayət işçinin qəfil maddi ehtiyacı yarananda sahibkardan əmək haqqının ya tam, ya qismən övvəlcədən ödənilməsini istəyir, yəni rəisdən pul istəyir. Daha belə vəziyyətdə əmək haqqının ayda q, ya 2 dəfə verilib- verilməyəcinin bir əhəmiyyəti, önəmi də qalmır. Bu başqa məsələdir ki, dövlət tabeliyində olan idarə və müəssisələrdə çaışanlar var və Əmək Məcəlləsinə edilən dəyişiklikdən onlar yararlana bilər. Nədən ibarətdir bu dəyişiklik. Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Təklif olunan dəyişikliklə bağlı izah verən Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən, vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi. Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur. Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb. O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir: “Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir”.

Əmək haqqının ayda 2 dəfə verilməsinin vətəndaşa nə üstünlüyü olacaq? Ailə büdcəsini doğru-düzgün planlaşdıra bilən insan üçün əmək haqqının ayda 1, ya 2 dəfə verilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Bəlkə dövlət büdcəsinə, vergi sisteminə faydası var? 

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında qeyd etdi üki, sözügedən dəyişikliyin vətəndaşa böyük mənada faydası olmayacaq. Çünki: 

- Bunun nə vergiyə, dövlət büdcəsinə hər hansı bir təsiri yoxdur. Heç bir vergi dəyişmir. Çünki vergi məcəlləsində vətəndaşın ya aylıq və ya da illik gəlirlərindən vergi tutulur. Əmək haqqı istər ay ərzində 10 dəfə verilsin, istər 1 dəfə, fərqi yoxdur. Əmək haqqı dəyişmirsə, vergi nə artır, nə azalır. Yəni, o baxımdan heç bir dəyişiklik yoxdur dövlət büdcəsində, vergii sistemində. Bu dəyişkiliyin məqsədi, belə deyim, vətəndaş üçün əlavə hüquqların, pulun xərcələnməsində daha rahat şəraitin yaradılmasıdır. Bəzi şirkətlər zatən bunu edirdi, avans və “paluçka” sistemi deyidilər buna sovet vaxtı, bəziləri eləmirdilər. Bu dəyişikliyin vətəndaşa əslində, belə deyək də, xüsusi bir köməyi yoxdur. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Cəm dəyişməyəndən sonra büdcəyə daxil olan vəsaitin məbləği də dəyişmir. Amma yenə də, vətəndaşı əlavə hüquqdur verilir. Gec almasın əmək haqqını, bir az tez alsın. Müəyyən xərclərini qarşılasın. Bu baxımdan, yaxşı haldır, o qədər də pis deyil, pulu tez əldə edəcək, daha rahat xərcləmək imkanı yaranacaq. Dövlət üçün o qədər fərqi yoxdur, amma iqtisadiyyata müsbət təsiri ola bilər. Əmək haqqını bölünmüş halda ayda 2 dəfə almaqla xərclərini daha rahat şəkildə, bərabər paylamaq imkanı olacaq. Bu baxımdan müsbətdir. Amma məsələ burasındadır ki, indi insanlar kredit kartları vasitəsiylə də ehtiyaclarını müəyyən qədər ödəyə bilirlər. Aşağı-yuxarı əsaslı dəyişiklik deyil. Çox xərcləyən yenə çox xərcələyəcək, az xərcləyən az. müsbət tərəfi bu ola bilər ki işçi müəyyən ehtiyacı yarandıqda maddi kömək üçün kiməsə ağız açmalı olmaz. Mənfi yox, müsbət tərəfləri var. Amma təbii ki nə insanın gəliri artır, nə vergi öhdəliyi, heç bir şey artmır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da Əmək Məcəlləsinə təklif olunan dəyişikliyi sosial media hesabında şərh edib: 

- Əmək Məcəlləsinə edilən geniş əlavə və dəyişikliklərin bəzi hissələri mediada səhv şərh olunur. ƏM 172.1. maddəsi qismən dəyişdirilir. Əvvəlki redaksyada belədir: "Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir". Yeni layihədə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əmək haqqı ödəmək demək olar ki, mümkün deyil. Xüsusən büdcədən maliyyəşən qurumlar bunu edə bilməyəcək, çünki maliyyə nazırliyi əmək haqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə bu hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə 172.1 bu redaksiyada verilir: "Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.” Bəli, ayda iki dəfə verilə bilər, işəgötürənlə işçi arasıda razılamaya əsasən edilməlidir və əmək müqaviləsində nəzərdə tutulmalıdır. Yəni "dəyişiklikdən sonra işçilərə əmək haqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur.