2026-cı il daşınmaz əmlak bazarı ilə bağlı fərqli proqnozlar verirlər
200–300 minlik mənzillər bahalaşacaq
Son illərdə Azərbaycanın daşınmaz əmlak bazarında müəyyən dəyişikliklər müşahidə olunur. 2023-cü ilə qədər qiymətlərdə artım qeydə alınsa da ipoteka kreditlərinin dayandırılmasından sonra bazarda artım tempi zəifləməyə başlayıb. Qiymətlərin artımı və bazar dinamikası daşınmaz əmlakın növündən və yerləşdiyi bölgədən də asılı olaraq fərqlənir.
2026-cı il üçün əmlak bazarındakı mümkün dəyişikliklər, qiymət tendensiyalar diqqət mərkəzindədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sherg.az-a daşınmaz əmlakda qiymət artımı ilə bağlı proqnoz verməyin tez olduğunu söyləyib:
"İl yeni başlayıb. Ümumiyyətlə, daşınmaz əmlak bazarı ilə bağlı hər hansı ciddi təhlil və nəticə vermək üçün müəyyən bir zamanın keçməsi lazımdır.
Bunun səbəbi bazarda “ekspozisiya müddəti” adlandırdığımız dövrdür. Bu, əmlakın bazara çıxarıldığı andan satıldığı vaxta qədər olan müddəti əhatə edir. Ekzpozisiya müddətinin ən azı 2 ay olduğu nəzərə alınır. Belə olan halda, məsələn, bir həftə ərzində, xüsusən həmin həftənin bir hissəsi qeyri-iş günlərinə düşürsə, bazarın vəziyyəti barədə dəqiq fikir söyləmək çətin olur.
Ümumilikdə, daşınmaz əmlak bazarında, o cümlədən torpaq bazarında ciddi aktivlik müşahidə olunmur. Əksinə dinamika zəifləyib, bazar olduqca passivdir. Amma bu, hələ ki, qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək həddə deyil.
Qiymət azalması müşahidə olunmur.
2026-cı ildəki qiymətlərlə bağlı ayın sonuna doğru daha dəqiq informasiya vermək mümkün olacaq".
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə 2026-cı ildə qiymət artımının davam edəcəyini vurğulayıb: 
"2023-cü ilin dekabr ayına qədər Azərbaycanın daşınmaz əmlak bazarında qeyri-normal qiymət artımı müşahidə olunurdu. 2023-cü ilin sonunda ipoteka kreditlərinin dayandırılmasından, yəni limitlərin bitməsindən sonra isə bazarda artım tempi zəifləməyə başladı. Nəticədə 2024 və 2025-ci illər qiymət artımı və bazar dinamikası baxımından demək olar ki, bir-birindən fərqlənmədi.
2023-2024-cü illərin sonuna qədər qiymət artımı təxminən 15-20% təşkil etdi, ən yüksək göstəricilər Bakı şəhərində qeydə alındı. 2024-2025-ci illərdə isə qiymət artımı 10-15% civarında oldu. Bu artım da Bakı şəhərində müşahidə edildi. Regionlarda isə ciddi qiymət artımı qeydə alınmadı.
Ümumilikdə qiymət artımı daha çox daşınmaz əmlakın növündən asılıdır. Ən yüksək artım mənzillər və fərdi yaşayış evləri seqmentində müşahidə olunur. Bunun əsas səbəbi bu sahədə tələbatın yüksək olmasıdır".
Ekspert 2025-ci ilin mövcud dinamikasına əsaslanaraq 2026-cı il üçün də proqnoz verməyin mümkün olduğunu deyib:
"Bir çox ekspertlər 2026-cı ildə qiymət artımının dayanacağını, hətta qiymətlərin düşəcəyini iddia etsələr də, mən bu fikirlərlə razı deyiləm. Düşünürəm ki, 2026-cı ildə də qiymət artımı davam edəcək.
Xüsusilə mənzillər və fərdi evlər seqmentində, nisbətən əlçatan qiymət kateqoriyasında olan-orta hesabla 200-250 min və ya 250-300 min manat aralığındakı daşınmaz əmlaklarda qiymət artımı daha nəzərəçarpan olacaq".