Epşteyn işi: Ərdoğan 14 il öncə “hücuma” keçibmiş

Epşteyn işi ilə bağlı açıqlanan sənədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki fəaliyyətlərinə dair qeydlər də var. Qeydlər göstərir ki, Ərdoğan 2012-ci ilin əvvəllərində Türkiyədəki İsrail kəşfiyyat şəbəkəsini fəal şəkildə məhv edirdi.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyənin səsi” Teleqram kanalı məlumat yayıb.

“Ərdoğan Türkiyə ordusunu tarixən İsraillə yaxşı əməkdaşlıq etmiş şəxslərdən təmizləyir”, - Den Dubnonun Epşteynə 27 yanvar 2012-ci il tarixli məktubunda deyilir.

Yazışmalarda həmçinin qeyd olunur ki, Ərdoğan həm Türkiyədə, həm də Yaxın Şərqdə müsəlman əhali arasında təsirini uğurla gücləndirir, eyni zamanda, İsraillə əlaqələrini kəsir.

“Ərdoğan Neo-Osmanlı ambisiyaları nümayiş etdirir və Netanyahunun diplomatik cəhətdən kobud administrasiyasından (şəxsən Bibidən daha çox onun koalisiyasından) həqiqətən də ikrah hissi keçirir”, - Dubno yazıb.

Məktub müəllifi Təl-Əvivin Ankaranın Şimali Kiprdə Türkiyənin maraqlarını qorumağa yönəlmiş regional hərəkətlərindən qıcıqlanmasına işarə edir:

“Türkiyənin İsrail və Kiprin neft və qaz yataqlarını hədəf almağa yönəlmiş yüksək aqressiv dəniz manevrləri gərginliyə səbəb olur”.

O əlavə edir ki, bu hərəkətlər İsrail tərəfini Türkiyə ilə sərhəddəki kürd silahlı qruplarını dəstəkləməyə sövq edə bilərdi:

“Çox güman ki, İsrail əməliyyatçıları kürdləri kin-küdurətdən dəstəkləyir, sadəcə türklərə və iranlılara narahat olmaq üçün daha çox səbəb vermək istəyirlər”.