Xəbər verdiyimiz kimi, ötən həftələrdə Ermənistan tərəfi rəsmi Bakıya işğaldan azad edilmiş digər ərazilərin də mina sahələrinin formulyarlarını təqdim etdi. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı ciddi problemlərin olduğunu söyləyib. O Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış etdiyini bildirib.V.Süleymanov ANAMA və Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə başlandığını və bundan sonra məlumatların xəritələr üzərinə köçürülərək müvafiq ərazidə uyğunluğunun yoxlanılacağını deyib.
ANAMA idarə heyətinin sədri Ermənistan tərəfindən daha öncə Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyinin 25 faiz olduğunu xatırladıb. Və təqdim olunan formulyarların hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiq olması barədə ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.
Dünən xarici işlər naziri Ceyhun Bayramov da bununla bağlı jurnalistlərə açıqlamasında indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizinin çox aşağı təxminən 25 faiz olduğunu deyib. O Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələrininin hazırda mütəxəssislər tərəfindən təhlil edildiyini ,bu iş üçün bəlli bir zaman lazım olduğunu və prosesin artan acı faciələrin qarşısını ala biləcəyini vurğulayıb.
Maraqlıdır, rəsmi Bakı qarşı tərəfin təqdim etdiyi mina xəritələrinin yanlış çıxacağı təqdirdə nə kimi tədbirlər görəcək?
Mövzunu “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, rəsmi İrəvanın bizə verdiyi mina xəritələrinin yanlış olmasında bir neçə səbəb ola bilər:
“Xəritələri tərtib edən mütəxəssislərin peşəkarlıq səviyyəsi aşağı olub, ya da Ermənistan bizi qəsdən yanlış istiqamətləndirib. Bu xəritələr ola bilsin 25-30 il əvvəl təmas xəttində tərtib edilən xəritələrdir”.
Ş.Ramaldanov Ermənistanın beynəlxalq təzyiqlər və çağırışların nəticəsində bizə mina xəritələrini təqdim etdiyini və bununla da bir növ “gözə kül üfürmək” taktikasını yürütdüyünü söyləyib:
“Yəni biz öhdəmizə düşün işi yerinə yetirdik hər kəs də bunu gördü. Ermənistanın indiyə kimi törətmiş olduğu əməllərə görə Azərbaycan tərəfi onun belə bir addım atmasına heç də təəccüblənməməlidir. Onlar bu günə qədər beynəlxalq hüquq normalarını necə pozublarsa, bundan sonra da elə davam edəcəklər. Bu saxta xəritələr də növbəti erməni oyununun davamıdır”.
Polkovnik rəsmi İrəvanın verdiyi mina xəritələrdən hazırda məqsədyönlü şəkildə istifadə edə bilmədiyimizi diqqətə çatdırıb və 44 günlük müharibəyə diqqət çəkib:
“İkinci Qarabağ savaşında ermənilər döyüş ərazilərindən geri çəkilən zaman böyük əraziləri minalayıblar. Bu zaman həmin yerlərin mina xəritələrini də tərtib etməyiblər. Çünki, savaş davam etdiyi müddətdə bu çətin bir prosesdir. Düşünürəm ki, Azərbaycan tərəfi sonda mina sahələrini saxta xəritələrə baxmadan özü təmizləyəcək”.