Yaşlı, tənha insanların dələduzlar tərəfindən aldadılması hallarının artması Daxili İşlər Nazirliyini hərəkətə keçirib. DİN Mətbuat Xidməti məlumat yayaraq vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib. Məlumatda bildirilir ki, son günlər ahıl, tənha şəxslərə qarşı dələduzluq hallarının artması müşahidə olunur:
“Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər. Şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar. Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər. Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır".
İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Daxili İşlər Nazirliyinin xəbərdarlığında qeyd olunan bu hallar psixoloji təzyiq və "təcililik" hissi üzərində qurulub. Yaşlı şəxslər belə bir zəng aldıqda, ilk növbədə, qarşı tərəfin yaratdığı süni qorxu və təlaşa təslim olmamalıdırlar:
- Əgər zəng edən şəxs özünü yaxın qohum kimi təqdim edib bədbəxt hadisə və ya əməliyyat üçün təcili pul tələb edirsə, vətəndaş dərhal dəstəyi asmalı və həmin qohumun şəxsi nömrəsinə zəng edərək məlumatı dəqiqləşdirməlidir. Unutmaq olmaz ki, heç bir rəsmi dövlət qurumu, polis və ya tibb müəssisəsi telefon vasitəsilə vətəndaşdan nağd pul tələb etmir və ünvanlara pul yığmaq üçün kuryer göndərmir.
İkinci mühüm addım rəqəmsal və fiziki təhlükəsizliyi qorumaqdır. Yaşlı şəxslər tanımadıqları xarici nömrələrdən gələn zənglərə şübhə ilə yanaşmalı, WhatsApp vasitəsilə göndərilən heç bir linkə daxil olmamalı və telefonlarına gələn təsdiq kodlarını heç kimlə paylaşmamalıdırlar. Ailə üzvləri arasında yalnız yaxınların bildiyi bir "gizli parol" və ya "kod söz" təyin etmək bu cür fırıldaqları ifşa etmək üçün ən effektiv üsuldur. Şübhəli şəxslər tərəfindən narahat edildikdə və ya qapıya naməlum "kuryer" gəldikdə, qətiyyən qapını açmamalı və dərhal 102 Zəng Mərkəzinə məlumat verilməlidir.