Fitrə zəkatı 10-15 AZN arası dəyişə bilər - AÇQLAMA

"Kimin imkanı çatırsa, bu məbləğdən artıq da verə bilər. Daha da böyük savab qazanar"

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə builki Ramazanda fitrə zəkatının məbləği adambaşına 10-15 manat civarında müəyyən edilib. QMİ-nin məlumatında qeyd edilir ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. 

Fitrə zəkatı necə, hansı qaydada verilməlidir sualını cavablandıran millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhum Məmmədov “Sherg.az”a açıqlamasında fitrə zəkatı və Ramazan ayının fəziləti barədə danışdı: 

- Ramazanın son günlərini yaşayırıq. Ramazan yavaş-yavaş bizi tərk edir. Öncə Rəbbimizə şükür edək ki, bu Ramazanı da yaşamağı, onun xeyr və bərəkətindən yararlanmağı bizə nəsib etdi. Bu günlərdə çalışaq Rəbbimizə çoxlu dua edək günahlarımızın bağışlanması üçün, haqqına girdiyimiz insanlardan halallıq alaq, o dünyaya qul haqqı ilə getməyək. 

Əxlaqımızı daha da kamilləşdirək, Ramazanda əldə etdiyimiz mənəvi yüksəlişi, saflıq və paklığı digər aylarda da qorumağa çalışaq. Bütün aylarda Ramazan ayındayıq kimi olaq. Bəzən namaz qılmayan adamların oruc tutması haqqında müzakirələr aparılır. Bəzən də iftar saatları, səfərdə oruc və sair məsələlərlı bağlı fikir ayrılığı olur. Kimin orucunun qəbul olunub-olunmamasını Allahdan başqa heç kim bilmir. Çünki bu, Ona aid məsələdir. Ramazan mərhəmət, birlik və həmrəylik ayıdır. Dinimiz müsəlmanlara hər zaman birlik və həmrəyliklərini qorumağı tövsiyə edir. Çalışaq Allaha səmimi niyyətlə ibadət edək, çalışıb ixtilaflardan uzaq olaq. Tarix boyu müsəlman dünyasına təfriqə, ayrı-seçkilik və başı-pozuqluq yalnız faciələr yaşadıb.

Fitrə zəkatına gəlincə, Ramazanda ən çox verilən suallardan biri məhz fitrə zəkatının vaxtı və məbləği ilə bağlı olur. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 10-15 AZN arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Kimin imkanı çatırsa, bu məbləğdən artıq da verə bilər. Daha da böyük savab qazanar. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Amma müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. Bu il Ramazan – Fitr bayramı böyük ehtimalla martın 20-də qeyd ediləcək. Martın 19-u bayram axşamıdır. Bunu nəzərə alıb fitrə pulunu martın 19-da çıxarmaq və ehtiyac sahiblərinə çatdırmaq vacibdir. 

Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!