İsrail Qarabağdakı iri layihələrdə iştirakçı olacaq

Azərbaycan-İsrail əməkdaşlığının dərinləşməsi dünya nizamının dəyişdirilməsi cəhdləri fonunda aktuallıq kəsb edir

   Prezident İlham Əliyev İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin Turizm naziri Yoel Razvozovu qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıb. Prezident həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. İqtisadi sferada əlaqələrə toxunan ölkə rəhbəri energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. 

Prezident Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu söyləyib. Dövlət başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib. 

Prezident hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Dövlət başçısı yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib. İsrailin Turizm naziri Yoel Razvozov da öz növbəsində Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayıb. Uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib. Bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu bəyan edib. 


Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, dövlət başçısı İlham Əliyevlə Yoel Razvozovun müzakirələrindən 4 xətti önə çıxarmaq olar. Ekspertin sözlərinə görə, onlardan ikisi iqtisadi, ikisi isə hərbi-siyasi məzmun daşıyır: 

“İsrail şirkətləri Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji resurslarına sərmayə qoymaqda maraqlıdırlar. Yüksək texnologiyalar sahəsindəki əməkdaşlıqda yeni faza açılır. İkitərəfli münasibətlərdə hərbi-texniki əməkdaşlıq xüsusi önəm daşıyır. Nazirin postmünaqişə dövründə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirməsi İsrailin Bakıya qoyduğu siyasi sərmayəni keyfiyyətcə yeni mərhələyə qaldırır. Azərbaycan-İsrail əməkdaşlığının dərinləşməsi dünya nizamının dəyişdirilməsi cəhdləri fonunda aktuallıq kəsb edir. İsrail kimi dövlətin Azərbaycanla maraqlarında toqquşan kəsişmələr mövcud deyil, bu isə əməkdaşlığın hamar xətt üzrə inkişafına töhfə verir. İkitərəfli münasibətlərdəki hərarət Azərbaycanla İsrailin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını zəruri edir. Əlaqələr ikili formanın sərhədlərini aşaraq üçtərəfli əməkdaşlığa yol açır. Söhbət Azərbaycan, Türkiyə, İsrailin birgə maraqlar əsasındakı strateji gedişini müəyyənləşdirməsindən gedir. Bu gedişat regionun təhlükəsizliyi baxımından vacib əhəmiyyət daşıyır.
 Azərbaycanla İsrail münasibətlərində hərbi-texniki əməkdaşlığın qol-qanad açması da postmünaqişə gerçəkliklərinin tələblərindən biridir. 44 günlük müharibədən sonra İsrailin “Meteor Aerospace” hərbi şirkəti bəyan edib ki, Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaratdı”. 

Analitik vurğulayıb ki, Azərbaycan iki milyard dollar dəyərində silah alınması üçün İsraillə danışıqlar aparır: “Bu mənada Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın ölçüsünü böyütmək üçün yeni müqavilə üzərində işlənildiyini söyləmək mümkündür. 

İsrailli naziri Bakıya gətirən səbəblər daha çox iqtisadi amillərlə əlaqəlidir. Lakin nəzərə alaq ki, Azərbaycan-İsrail arasındakı strateji partnyorluğu iqtisadi bağlar möhkəmləndirir. İsrailin həmin tərəfdaşlıq əsasında Qarabağdakı layihələrdə iştirak səviyyəsini genişləndirməsi gələcək üçün daha praqmatik platforma yaradacaq. Güman edirəm ki, təhlükəsizlik sferasında, kəşfiyyat məlumatlarının mübadiləsi müstəvisində daha yaxşı əməkdaşlıq sütunu ucaldılacaq.

  Hələlik Azərbaycanın İsraildə səfirlik açması reallaşmayıb, yəqin ki, bunun da formulları müzakirələr masasındadır”.