“Liderlərin xanımları diplomatiyada gizli rol oynayır” - Tofiq Abbasov

"Rəsmi görüşlərdə xanımların iştirakı, diplomatiyada “yumşaq güc” elementlərindən biri kimi çıxış edir. Xanımlar, siyasi dialoqda daha sakit atmosferin formalaşmasına töhfə verirlər"

Son zamanlar ölkə rəhbərlərinin və siyasətçilərin diplomatik görüşlərə ailə üzvləri ilə birlikdə qatıldığının şahidi oluruq. Sanki dövlətlərarası münasibətlər tədricən ailə müstəvisinə daşınır. 

Buna misal olaraq İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianı, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Usha Vensi, Prezident İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva və qızları ilə birlikdə iştirakı, eləcə də Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun görüşlərdə iştirakı göstərilə bilər.

Mövzu ilə əlaqədar politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, siyasi liderlərin diplomatik görüşlərə ailə üzvləri ilə qatılması uzun illərə söykənən təcrübədir: 

"Hökumət rəhbərlərinin və səlahiyyətli nümayəndələrin xarici səfərləri əvvəlcədən razılaşdırılmış protokol çərçivəsində həyata keçirilir. Səfərin tarixi, tərkibi barədə məlumat, ölkənin Xarici İşlər Nazirinə təqdim olunur. Hazırlanan sənəd isə məlumatlandırma məqsədilə digər ölkənin rəsmilərinə göndərilir. Bu proses diplomatik münasibətlərdə qəbul edilmiş prosedurdur. Əslində, siyasi liderlərin diplomatik görüşlərə ailə üzvləri ilə qatılması uzun illərə söykənən təcrübədir. Tarixə nəzər salsaq, 1960-cı illərdə Sovet İttifaqının lideri Nikita Xruşşovun ABŞ-a rəsmi səfəri zamanı ailə üzvlərini də özü ilə apardığını görmək olar”. 

Politoloqun sözlərinə görə, dəb halına gələn bu adət dövrlər boyunca davam etdirilib:

“Rəsmi şəxslər diplomatik səfərlərdə xanımları ilə birgə iştirak etməyi mühüm hesab edirlər. Xüsusilə ABŞ və Avropa ölkələrində rəsmi səfərlərin ailə üzvləri ilə həyata keçirilməsi üstünlük təşkil edir. Bunun bariz nümunəsi Klinton ailəsidir. Bill və Hillari Klinton siyasi proseslərdə birlikdə iştirak edərək, qarşılıqlı dəstək nümayiş etdirirdilər. Əslində, rəsmi görüşlərdə xanımların iştirakı, diplomatiyada “yumşaq güc” elementlərindən biri kimi çıxış edir. Xanımlar, siyasi dialoqda daha sakit atmosferin formalaşmasına töhfə verirlər. Əgər liderlərin diplomatik görüşlərə xanımları ilə qatılması hər hansı fəsad yaratmırsa, bunu normal qarşılamaq lazımdır”.

Aybəniz Səfərova