“Məmurlar psixoloq yoxlamasından keçməlidir”- Novella Cəfəroğlu

Hüquq müdafiəçisi hesab edir ki, emosiyasına hakim olmayanlara vəzifə verilməsin

“Cənab Prezident daim istər müşavirələrdə, istər çıxışlarında, istərsə də vətəndaşlarla görüşlərində daim bildirir ki ilk növbədə özü xalqın xidmətçisidir, hər bir məmur da bilməlidir ki o, vəzifəyə xalqa, dövlətə xidmət üçün təyin edilir. Amma təəssüf ki bəzi məmurlar bunu yaddan çıxarır, xalqla amiranə tərzdə, əmr tonunda danışırlar”.

Bu sözləri “Sherg.az”a açıqlamasında D.Əliyeva adına Qadın hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu Sabirabad rayon icra başçısı barədə yayılan məlumata münasibət bildirərkən söylədi. 

Xatırladaq ki, mediada Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Türkədi kənd sakinləri ilə görüşdə uyğunsuz ifadələr səsləndirdiyi məlumatları yayılıb. Musavat.com xəbər verir ki, bir qrup sakin müraciət edərək icra başçısı ilə görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad-Cavad-Əlicanlı-Türkədi-Narlıq avtomobil yolunun təmiri məsələsi qaldırıldığını, lakin S.Cabbarovun cavabı “Kərbəlaya, Həccə 10 min verib gedib-gələnlər düzəltdirsinlər”, “Canları çıxsın, düzəltdirsinlər”, olub. İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov isə “Bu söz-söhbəti yayan şəhid qardaşı Haqverdi Əliyevdir. O, şantaj və yalan məlumat yaymaqla məşğuldur. Görüş zamanı icra başçısı bildirib ki, kənd yolunun təmiri üçün imkanı olan, o cümlədən Həccə və Kərbəlaya gedən şəxslər kəndin ağsaqqalı və ictimai fəalları kimi qrabel tökülməsinə dəstək versinlər. Onları köməyə çağırıb. “Canları çıxsın” ifadəsi işlədilməyib”. 

Maraqlıdır, icra başçısı yol çəkilişinə görə niyə, nədən kənd camaatını səfərbər etmək istəyir? 

N.Cəfəroğlu bildirdi ki, xalqla ünsiyyət qura bilməyən, intellektual səviyyəsi, savadı yetərsiz olan icra başçıları, məmurlar hələ də var:

- Cənab Prezident yol tikintisinə dövlət büdcəsindən, hətta Prezidentin Ehtiyat Fondundan da lazımi qədər vəsait ayırır. Ölkəmizdə son illərdə necə gözəl, rahat, yeni yollar çəkilib. Məgər dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmır ki, icra başçısı yolun təmirini kənd camaatının, ağsaqqalların, ictimai fəalların üzərinə qoymaq istəyir?!. Əgər həqiqətən də hansısa kəndin yol problemi varsa, bunu əhalinin köməyi, dəstəyi ilə həll etmək olar. Lakin burada əsas məsələ vəzifəli şəxsin əhali ilə, el-oba, kənd camaatı ilə necə dil tapması, onlara lan münasibətidir. İcra başçısı əhalinin köməyinə ehtiyac olduğunu elə mülayim tərzdə, anlaşıqlı bir dildə, səmimi şəkildə bildirərdi ki, əhali narazı qalmazdı, əksinə, hamı çalışardı bu işə kömək etsin. Amma xalqla amiranə tərzdə, hökmran kimi danışıldıqda bu, insanlarda narazılıq yaradır. Haqlı olaraq da bildirirlər ki ə.n varlı adam elı icra başıçısının özüdür, buyursun, yol tikintisini şəxsi vəsaiti hesabına həyata keçirsin. Vəzifəli şəxslər xalqla düzgün danışıq tərzini bilməlidir. Əgər o desəydi ki, yol təmirinə vəsait ayrılıb, amma kənd yollarının təmirinə siz də kömək etsəniz, bu problemi daha tez həll edərik, o zaman inanın, el-oba yığışıb əlindən gələni edərdi. Kərbılaya, Həccə gedənin məsələyə nə dəxli var? İcra başçısı, məmur millətin dilində danışmalıdır. Əhalini işlərin icrasına dəstək verməyə cəlb etməyin müxtəlif yolları var. Bunu tələb kimi ortaya qoymaq, insanları narazı salmaq olmaz. 

N.Cəfəroğlu qeyd etdi ki, vəzifəyə təyin olunmazdan əvvəl psixoloqlardan rəy alınması vacibdir: 

- Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Avropada, ABŞ-də kimisə vəzifəyə təyin etməzdən əvvıəl psixoloq qəbuluna getməyi və müvafiq sənəd təqdim etməyi tələb edirlər. Bilinməlidir ki vəzifəyə təyin ediləcək şəxsin psixoloji durumu hansı səviyyədədir, kollektivlə, vətəndaşlarla ünsiyyət bacarığı varmı, emosiyalarına hakim ola bilirmi. Hesab edirəm ki, bizim ölkədə də belə şərt qoyulmalıdır vəzifəyə təyin edilməzdən öncə.