""Milli məclis" ifadəsi doğru ifadədir" - Nizami Cəfərov Rafael Hüseynovla razılaşmır

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib. Rafael Hüseynov belə təkliflə parlamentin ötən gün keçirilən plenar iclasında çıxış edib. Vitse-spiker qeyd edib ki, Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, o bildirib ki, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. 

"Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox".

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, sabiq deputat Nizami Cəfərov məsələ ilə bağlı Sherg.az-a mövqeyini bildirib: 

""Milli məclis" ifadəsi doğru ifadədir. Əks təqdirdə gərək “Milli Elmlər Akademiyası”na “Millət Elmləri Akademiyası”, “Milli Kitabxana”ya isə “Millət Kitabxanası" deyək".

Ekspert “Millət vəkili” ifadəsinin rəsmi olmadığını deyib. O bildirib ki, rəsmi olaraq "Milli Məclisin deputatı” ifadəsi işlədilməlidir.