“Gənclər mopedi oyuncaq kimi görür, amma bilməlidirlər ki, bu nəqliyyat vasitəsidir”
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib. Mərkəzdən Teleqraf-a verilən məlumata görə, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsi ölüm və ya xəsarətlə nəticələnir. Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.
Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti iştirakçılarına mənfi nümunə olurlar. Belə hərəkətləri ilə həm özləri qəzanın qurbanına çevrilir, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün real təhlükə yaradırlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edir ki, qayda pozuntuları ilə deyil, yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə olsunlar.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsində mopedlərlə bağlı müddəalar var, qaydalara bu yaxınlarda da dəyişiklik edildi. Yeni qaydaya görə mopedlər də dövlət qeydiyyat nişanı almalı olacaqlar artıq:
- Biz deyə bilmərik, moped sürücülərinin hamısı bilərəkdən qaydanı pozur. Mopedlərdən sahibkarlıq fəaliyyəti üçün istifadə edənlər var və qaydalara ciddi yanaşırlar. Qayda pozanlar əsasən gənc sürücülərdir, onlar da qaydaları bilmədən bu hərəkətləri edirlər. Mopedə əyləncə vasitəsi kimi baxırlar. Amma moped nəqliyyat vasitəsidir və bu nəqliyyat vasitəsini idarə edənlər də digər hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına riayət etməlidirlər. Moped sürücüləri üçün Dövlət Yol Polisi yay mövsümündə xeyli maarifləndirici işlər həyata keçirdi, şəhərin mərkəzi və digər küçələrində, görüşlər, danışıqlar oldu. DİN-nin NİİM mopedlərlə baş verən qəzaları ictimaiyyətə ona görə göstərir ki, vətəndaşlar məlumatlı olsunlar, sürücülər də qəzaların başvermə səbəbərini görərək daha diqqətli, daha ehtiyantlı hərəkət etsinlər. Bu həm maarifləndirici, həm də qınaqedici prosesdir.
E.Cəfərov bildirdi ki, davamlı qaydada qaydaları pozanlar avtoxuliqan kimi məsuliyyətə cəlb olunurlar:
- Gənc vətəndaşlarımız nəzərə almalıdır ki onların əyləncəsi naminə kimsə xəsarət almasın, həyatını itirməsin. Bunu istəmiriksə, yol hərəkətinin istisnasız olaraq bütün iştirakçıları yol hərəkəti haqqında qaydalara mütləq əməl etməlidirlər.