Moskvada liderlərin görüşü gözlənilir

Yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər 

"XİN rəhbərlərinin iştirakı bu ehtimalı önə çıxarır. İstisna deyil ki, Rusiya gələcəkdə imzalanması gündəmdə olan yekun sazişin vasitəçiliyini indidən üzərinə götürmək istəyir"

“Ermənistan mediası Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın ilin sonuna kimi Moskvada görüşə biləcəyini yazır. Görüşün mümkünlüyü həm də Soçi razılaşmasının praktiki mərhələyə keçirilməsi baxımından gözləniləndir”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Soçidə sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olunub: 

“Kommunikasiya ilə bağlı İrəvanın etirazı prosesi Brüsselə qədər daşıyıb və Avropa masasında bu məsələ ətrafında fikir ayrılığı nəzəri baxımdan olsa da aradan qalxıb. İrəvan Zəngəzur dəhlizinə post quracağını deyir. Bakı əvəzində Laçın dəhlizində eyni rejimi tətbiq edəcəyini açıqlayır. Moskva isə susur. İstisna deyil ki, Zəngəzur dəhlizi boyunca dəmiryolu və avtomobil yolunun inşasına qədər “dəhliz, yoxsa yol” prinsipi açıq saxlanılacaq. Bu, indiki halda bölgədə bütün tərəflərə sərf edir, çünki hazırda kommunikasiyanın bərpasında hər kəs maraqlıdır. Moskva görüşü ilə bağlı iddiada diqqət çəkən məqam görüşün geniş tərkibdə ola biləcəyinə dairdir. Danışıqlarda müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunur. Belə bir tərkibdə mümkün görüşün olması Moskva masasından ciddi gözləntilər yaradır”. 

Ekspertə görə, sərhədlə bağlı razılaşmada praktiki addım atıla bilər: 

“Müdafiə nazirlərinin iştirakı ilə delimitasiya müqaviləsinin imzalana biləcəyi ehtimalını önə çıxarır. Soçidə sərhədin delimitasiyası, ardınca demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırıldı. Bu o deməkdir ki, delimitasiya - sərhədin xəritə üzərində çəkilməsi Rusiyanın iştirakı ilə həyata keçiriləcək və delimitasiya müqavilə imzalanacaq. 

Demarkasiya üzrə yaradılacaq ikitərəfli komissiya delimitasiya müqaviləsi əsasında sərhədi çəkəcək. Kommunikasiya üzrə Soçi və Brüssel razılaşmaları əsasında görüşəcək işlər konkretləşdirilə bilər.

 İşçi Qrupunun iştirakının bununla bağlı olacağı mümkündür. Yekun sülh sazişinin müzakirəsi təşkil edilə bilər. XİN rəhbərlərinin iştirakı bu ehtimalı önə çıxarır. İstisna deyil ki, Rusiya gələcəkdə imzalanması gündəmdə olan yekun sazişin vasitəçiliyini indidən üzərinə götürmək istəyir. Görüşün olacağı ilə bağlı heç bir rəsmi məlumat yoxdur. 

Lakin erməni mənbələrin əvvəlki görüşlə bağlı məlumatlarının bu və ya digər formada doğru çıxdığını, eləcə də proseslərin inkişafını nəzərə alsaq, ilin sonunda Moskvada masanın qurulacağı mümkün görünür”.