15 dekabr Türk Dili Ailəsi üçün adi bir gün deyil
Türk Dünyasının taleyində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə bir gün olmaqdan çıxaraq ortaq yaddaşın və gələcək vizyonun simvoluna çevrilir. 15 dekabr məhz belə günlərdən biridir. Türk dilinin minilliklərə söykənən yaddaşının yenidən dünyaya xatırladıldığı, dil üzərindən mədəni birliyin və siyasi iradənin ifadə olunduğu bu tarix 2025-ci ildə Türk Dünyası üçün yeni bir mərhələnin başlanğıcına çevrildi. UNESCO-nun qərarı ilə beynəlxalq status qazanan 15 dekabr, eyni zamanda Türkiyənin irəli sürdüyü “Türk Dünyası Vizyon Sənədi” ilə ortaq gələcəyin yol xəritəsinin elan edildiyi simvolik bir gün kimi tarixə yazıldı.
Türkiyədə keçirilən tədbirdə iştirak edən türk pedaqoq, yazıçı-jurnalist Murat Anar "Dünya Türk Dili Ailəsi Günü” ilə bağlı Sherg.az-a danışıb:

"3 noyabr 2025-ci ildəə UNESCO-nun 43-cü Baş Konfransında Türkiyənin və bir çox Türk dövlətinin təklifi ilə 15 dekabr tarixinin hər il “Dünya Türk Dili Ailəsi Günü” kimi qeyd olunması barədə qərar qəbul edildi.
15 dekabr Türk Dili Ailəsi üçün adi bir gün deyil. Bu tarix danimarkalı dilçi Vilhelm Tomsenin Göytürk Kitabələrini oxuduğunu bütün dünyaya elan etdiyi gün kimi tarixə düşdü. Dekabrın 15-i Türk Dünyası adına daha bir tarixi hadisə ilə yadda qaldı. Bu əlamətdar gün münasibətilə Türkiyənin iqtidar partiyası AK Parti “Türk Dünyası Vizyon Sənədi”ni açıqladı. Bu sənədi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim etdi. Prezident çıxışında türklərin bir olmasının, iri və diri olmasının vacibliyini həm Türk Dünyasına, həm də bütün dünyaya ən açıq və qəti ifadələrlə bəyan etdi. Vizyon sənədində ticarətdən mədəniyyətə, incəsənətdən idmana qədər bir çox sahəni əhatə edən geniş strateji hədəflər yer aldı. Sənəd həm Türk Dövlətlərinin dillərində, həm də Ortaq Türk Əlifbası ilə nəşr olundu".
Yazıçı Prezident Ərdoğanın müəyyən edilən vizyonun həyata keçirilməsi üçün “Türk Dünyası Düşüncə və Araşdırma Mərkəzi”nin yaradılacağını da müjdələdiyini söyləyib:
"Eyni zamanda, Türkiyənin Türk Dünyası ilə bağlı keçmiş siyasətlərinə də toxunularaq, əvvəlki dövrlərdə buraxılmış səhvlər açıq şəkildə etiraf edildi. Uzun illərdir Türkiyədə və Türk Dünyasında bu sahədəki prosesləri yaxından izləyən bir jurnalist olaraq deyə bilərəm ki, Prof.Dr.Kürşad Zorlunun Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər vəzifəyə təyin olunmasından sonra həm Türkiyədə, həm də bütün Türk Dünyasında ciddi ruh yüksəkliyi yaranıb. Türk Dünyası adına çoxsaylı müsbət addımlar atılır. 15 dekabrda Prof.Dr.Kürşad Zorlu və komandasının hazırladığı, Türkiyə Prezidentinin açıqladığı vizyon sənədi Türk Dünyası üçün real, əhatəli və həyata keçirilə bilən baxış ortaya qoyur. Əlbəttə, ictimaiyyət haqlı olaraq soruşur: Nəzəri baxımdan vizyon yaratmaq asandır, bəs praktikada nə olacaq? Bunun cavabını zaman göstərəcək".
Murat Anar Prof.Dr.Kürşad Zorlunun Türk Dünyası üçün böyük bir şans olduğunu vurğulayıb:
"Prof.Dr.Kürşad Zorlunun bugünə qədər gördüyü işlər gələcəkdə edəcəklərinin təminatıdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Prof.Dr.Kürşad Zorlunun fəaliyyətlərini yüksək qiymətləndirərək ona şəxsən təşəkkür bildirdi və tam dəstəyini açıq şəkildə ifadə etdi. Ümid edirəm ki, Türk Dünyası “Dildə, işdə və fikirdə birlik” prinsipini gerçəkləşdirəcək".