Onlayn alış-veriş dövrü bitir? - Yeni qərar yerli sahibkarlığa təkan verəcək

Qəbul edilmiş dəyişiklik daxili bazarı və yerli biznesin maraqlarını qorumaq üçün zəruridir

Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmi təkmilləşdiriləcək. Bu, Milli Məclisə təqdim olunmuş “Vergi Məcəlləsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək. Bu dəyişikliyin dövlət büdcəsinin, yerli sahibkarların və son istehlakçıların maraqlarını balanslaşdırmaq məqsədi daşıdığı vurğulanır. Nəzərə alsaq ki, hazırda vətəndaşların böyük hissəsi sərfəlidir, daha ucuz başa gəlr deyə məhz internet üzərindən elektron ticarət vasitəsiylə mal və məhsullar alır, bu sahədə qiymətlərin bahalaşacağı istisna edilmir. 

İqtisadçı Rauf Qarayev isə tətbiq ediləcək dəyişikliyin alıcılar üçün sərfəli olacağını hesab edir. “Sherg.az”a açıqlamasında R.Qarayev bildirdi ki, əslində, alıcı həmşə alternativlər tapır: 

- Müəyyən malları xaricdən sifariş etməkdənsə, onları ölkə daxilində almaq daha sərfəli ola bilər. Məsələn, geyim əşyası alırsınızsa, deyək ki, paltar və ya ayaqqabı, onu əvvəl geyinib sınamaq daha yaxşıdır, çünki bəzən ölçülər reallıqdan fərqlənir. Bəzən mallar səhv ölçülərdə göndərilir. 

R.Qarayev hesab edir ki, qəbul edilmiş dəyişiklik daxili bazarı və yerli biznesin maraqlarını qorumaq üçün zəruridir: 

- Xarici onlayn pərakəndə satıcılar artıq ya Azərbaycanda qanuniləşməyə və qeydiyyatdan keçməyə, ya da ölkəni tərk etməyə məcbur olacaqlar. Bu, yerli sahibkarlığa təkan verə bilər. Daxili bazar xidmətləri artıq daha əlçatan və müxtəlif hala gəlib. Yerli topdansatış satıcıları malları çoxlu miqdarda alırlar ki, bu da çox vaxt Azərbaycanda son pərakəndə satış qiymətini yeni vergilərlə yüklənən onlayn sifarişlərlə rəqabətədavamlı edir. Hətta Sədərək və Binə bazarları kimi ənənəvi ticarət mərkəzləri də müasir tələblərə fəal şəkildə uyğunlaşır və evə çatdırılma təklif edir. Şəffaf oyun qaydaları yaratmaqla bazara və istehlakçılara qayğı göstərilməlidir. Nəticədə istehlakçılar həmişə ən ucuz və ən əlverişli variantları axtarırlar və xarici bazarlar yeni vergi və gömrük öhdəlikləri səbəbindən qiymət üstünlüyünü itirərsə, bu, daxili bazara güclü təkan verə bilər.