Piyada ÖLÜMLƏRİ - Trafikin sakitləşdirilməsi artıq seçim yox, zərurətdir

Küçələr sürət üçün deyil, insan üçün dizayn olunmalıdır

Son günlər baş verən piyada ölümləri paytaxtda yol təhlükəsizliyi probleminin nə qədər ciddi və aktual olduğunu bir daha gündəmə gətirib. Qeydə alınan qəzalar yol hərəkətində həm sürücülərin, həm də piyadaların məsuliyyətinin vacibliyini göstərir.

Qeyd edək ki, ötən gün Yasamal rayonu ərazisində 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının yaxınlığında isə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını avtomobil vurub.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hər iki hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: “Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır. Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın”.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev isə Sherg.az-a bildirib ki, şəhərdə piyadaların vurulması hallarını azaltmaq üçün trafikin sakitləşdirilməsi artıq seçim yox, zərurətdir. Onun sözlərinə görə, küçələr sürət üçün deyil, insan üçün dizayn olunmalıdır. Piyada təhlükəsizliyini təmin etmək üçün isə aşağıdakı tədbirlər kompleks və sistemli şəkildə həyata keçirilməlidir:

“Səki davamlılığı təmin olunmalıdır. Səkilər kəsilməməli, onların qarşısını alan maneələr aradan qaldırılmalıdır. Piyadalar heç bir halda yol hissəsinə çıxmağa məcbur qalmamalıdır. Eyni səviyyəli, svetoforla tənzimlənən keçidlər artırılmalıdır. Qısa, rahat və əlçatan keçidlər piyadanı riskli davranışlardan çəkindirir və təhlükəsiz hərəkəti təşviq edir. Təhlükəsizlik adacıqları qurulmalıdır,

Xüsusilə çoxzolaqlı küçələrdə piyadaların yolu mərhələli şəkildə keçməsi üçün aralıq təhlükəsizlik zonaları yaradılmalıdır. Keçidlər kontrast işıqlandırılmalıdır. Gecə vaxtı görünürlük artırılmadan təhlükəsizlikdən danışmaq mümkün deyil. Yaxşı işıqlandırma sürücünün reaksiyasını vaxtında təmin edir”.

Kor zonaların aradan qaldırılmasının vacibliyinə toxunan mütəxəsis qeyd edib ki, piyada keçidlərinə yaxın ərazilərdə parkinq məhdudlaşdırılmalı, sürücünün piyadanı əvvəlcədən görməsi üçün açıq görmə sahəsi təmin olunmalıdır: “ Dayanacaqlarda “anti-cib” (bus bulb) həlləri tətbiq edilməlidir. Bu yanaşma həm ictimai nəqliyyatın hərəkətini sürətləndirir, həm də parklanma ilə bağlı riskləri minimuma endirir. Həssas ərazilərdə sürət fiziki olaraq azaldılmalıdır

Məktəb, bağça, xəstəxana kimi məkanların yaxınlığında “Berlin yastığı” kimi sürət azaldıcı elementlər tətbiq olunmalıdır. Unutmayaq ki, kamera və cərimələr problemi kökündən həll etmir. Əsas həll küçələrin düzgün və təhlükəsiz dizaynıdır. Elə bir dizayn ki, yüksək sürətlə hərəkət etmək fiziki olaraq mümkün olmasın”.