Politoloq: "Rusiya sülhməramlıları xarici vətəndaşların Laçın dəhlizindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını almalıdır"

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edəcək bir mərhələyə keçib”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, ilk növbədə Rusiya sülhməramlıları xarici vətəndaşların Laçın dəhlizindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını almalıdır: 

“Göründüyü kimi, "sülhməramlılar" bele qanunsuz səfərlərin nəinki qarşısını alır, hətta Fransanın prezidentliyə namizədin Azərbaycan ərazisinə keçməsinə şərait yaradır. Bu, Azərbaycana qarşı separtizmə dəstək verməkdir və burada sülhməramlı qüvvələrinin rolu daha da qabarıqdır. Azərbaycan Laçın dəhlizində mütləq post qurmalıdır. Prezidentliyə namizədin Laçın dəhlizindən keçib Xankəndinə gəlməsi birbaşa Moskvanın razılığı ilə həyata keçirilib. Çünki bu, sıradan səfər deyil. Rusiya müdafiə nazirliyinin icazəsi və siyasi təlimatı olmasa, belə bir səfər reallaşmazdı. Azərbaycan Rusiya ilə bu məsələni ciddi şəkildə müzakirə etməlidir”. 

Analitik qeyd edib ki, Rusiya çalışır ki, Qarabağda ermənilər subyekt kimi tanınsın: 

“Azərbaycanın razılığı olmadan reallaşan səfərlər və Rusiya hərbiçilərinin buna şərait yaratması göstərir ki, sülhməramlı qüvvələrin Qarabağdan çıxarılması üçün 4 ildən sonra hərəkətə keçməliyik. Azərbaycan Ermənistandan da belə səfərlərin təşkilinə son verilməməsini tələb etməlidir. Bu cür hallar normallaşma prosesinə kölgə salır”.