Qanunsuz tikililər məsələsində bir nəticə hasil olmur - Natiq Cəfərli

"Bu problemin həlli üçün heç bir addım, qanuni baza, bizim illərdir təklif etdiyimiz “əmlak amnistiyası” məsələsi həllini tapmır"

Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən növbəti müşavirədə Eldar Əzizov paytaxtın Suraxanı rayonunda qanunsuz tikililər problemini həll etmək üçün yerli icra orqanına 1 ay möhlət verildiyini bildirib. Qanunsuz və ya sənədsiz evlər, tikililər probleminin illərdir həll olunmadığını diqqətə alsaq, qarşıya qoyulan tələbin 1 ay müddətində həll ediləcəyi absurd görünür. Bəlkə də hansısa üsulla buna nail olundu. Hər halda 1 aydan sonra vəziyyət aydın olacaq. Uzaqbaşı, möhlət müddətini uzatmaq da olar. 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirdi ki, qanunsuz tikililər məsələsi indiyədək dəfələrlə müzakirəyə çıxarılıb, amma bir nəticə hasil olmur: 

- Bu problemin həlli üçün heç bir addım, qanuni baza, bizim illərdir təklif etdiyimiz “əmlak amnistiyası” məsələsi həllini tapmır. Son iclasdan yayılan məlumatlara görə, Suraxanı rayonunda qanunsuz tikililər məsələsini həll etmək üçün 1 ay vaxt verilib. Cəmi 1 ay, 30-40 ildir yaranan məsələni 1 aya həll etmək istəyirlər, mümkünsüz hədəflər qoyurlar. Qanunsuz tikili nə deməkdir - bu anlayışı Azərbaycanda açmaq lazımdır. Əgər həmin vətəndaş ev tikibsə, ora artıq dövlət işıq, su və qaz çəkibsə və o da, məsələn, sayğac qoyub elektrik, yaxud su və qaz satırsa, deməli, dövlət bunu tanıyır. Tanımırdısa, qanunsuzdursa, niyə onda işıq çəkirdilər? Niyə qaz verirdilər? Niyə su verirdilər? Kommunal xidmətlər olmasa, insan yaşaya bilərmi? Yox, yaşaya bilməz. Dövlət şirkətləri vətəndaşa kommunal xidmət satırsa, deməli onu həmin tikilidə yaşamaq hüququnu tanıyıb – elə deyil? Ona görə də bu məsələ birdəfəlik həllini tapmalıdır. Yəni, qanunsuz tikili nə deməkdir, bu sökülərkən vətəndaşın hüquqları necə qorunmalıdır? Vətəndaş öz hesabına ev tikibsə və bu normal qaydalara uyğundursa, niyə ona çıxarış da verilməsin? 

Yəni bütün bu məsələlər kompleks həllini tapmalıdır. Təbii ki, bir aya bu problemi aradan qaldırmaq mümkün deyil. Bunun üçün qanunverici baza gücləndirilməli, bəlli qaydalara uyğun olan daşınmaz əmlak üçün amnistiya elan edilməli, vətəndaşlara çıxarışlar təqdim edilməlidir.