Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY

Plan var idi, amma alınmadı, ABŞ və İsrail gözlənilməz müqavimətlə üzləşdi

“Amerika Birləşmiş Ştatları ilə İsrailin məqsədi Əli Xameneini aradan götürmək deyil. Bu ölkələrin prioritet məqsədi İranın nüvə proqramını zəiflətmək, uzaqmənzilli raket istehsalına ciddi zərbə vurmaq və paralel şəkildə rejimin strateji dayaqlarını sarsıdaraq mümkün çevriliş üçün zəmin yaratmaq olub”.

Bu sözləri Sherg.az-a açıqlamasında İran parlamentin sədri Məhəmməd Baqir Qalibafın “düşmənlər öz məqsədlərinə çatmadılar” bəyanatını şərh edən politoloq Zeynal Əmralıyev deyib. 

Politoloqun fikrincə ABŞ və İsrail əvvəlcədən hazırlanmış plan çərçivəsində İranın mühüm strateji obyektlərinə ardıcıl zərbələr endirib, eyni zamanda rejimin əsas fiqurlarına qarşı sui-qəsdlər həyata keçirdi: “Lakin proseslərin gedişi göstərir ki, ABŞ və İsrail gözlədikləri nəticələri tam şəkildə əldə edə bilməyiblər. Əməliyyatlar kifayət qədər gərgin və mürəkkəb şəraitdə davam edir. İran isə gözlənilməz şəkildə müqavimət göstərərək cavab zərbələri endirir. Xüsusilə ABŞ-ın Körfəz regionundakı hərbi bazalarının hədəfə alınması və Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ciddi risklər yaradıb. Eyni zamanda İranın İsrail istiqamətində həyata keçirdiyi cavab addımları da diqqət çəkir. Bütün bunlar onu göstərir ki, qarşıdurma ilkin planlaşdırıldığı kimi sürətli və nəticəyönümlü deyil. ABŞ tərəfi də artıq etiraf edir ki, İrana qarşı əməliyyatlar zamanı gözlənilməz müqavimətlə üzləşirlər. Bu isə münaqişənin uzanmasına və regionda gərginliyin daha da artmasına səbəb olur”.