Qəzalar artdı, hökumət tədbir gördü: Gürcüstanda cərimələri ikiqat artırılır

Gürcüstanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Bu haqda nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis bildirib ki, yeni dəyişikliklərə əsasən sürət həddini 15 km/saatdan çox, lakin 40 km/saatdan çox olmayan aşmağa görə cərimə 50 laridən (31,19 Azn) 100 lariyə (62,39 Azn) qaldırılır. Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lari (təxminən 30 AZN.) olacaq və sürücünün bal sistemindən 10 bal silinəcək. Avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimə 50 lariyə (31,19 Azn) qədər artırılır. Avtobus zolağında qanunsuz hərəkət edən nəqliyyat vasitələri 200 lari (124,77 Azn) məbləğində cərimələnəcək. Səkidə və ya piyada keçidində dayanma və parklanma ayrıca pozuntu hesab ediləcək və 100 lari (62,39 Azn) cərimə tətbiq olunacaq. Bu halda avtomobil cərimə meydançasına aparıla bilər.

Sherg.az-a açıqlamasında R.Ağamirzəyev qeyd etdi ki, cərimə məbləğlərinin artırılması yol hərəkəti iştikaçılarını qaydalara ciddi yanaşmağa söv etmək üçündür:

- Qaydalar təkcə paytaxt Tbilisiyə aid deyil, həmçinin Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Qori, Telavi, Poti və Zuqdidi şəhərlərində, eləcə də kurort zonalarında dayanma və parklanma qaydalarının pozulmasına görə cərimələr Tbilisidə olduğu kimi 50 lariyə (31,19 Azn) qədər artırılır. Nazirlik bildirir ki, sanksiyaların sərtləşdirilməsi yol qəzalarının sayının və ölüm hallarının çox olması ilə bağlıdır. Son illərdə nəqliyyat vasitələrinin və hərəkətliliyin artması səbəbindən yol təhlükəsizliyi ölkə üçün ciddi problem olaraq qalır. Məlumata görə, 2025-ci ilin ilk 9 ayında Gürcüstanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrdən 188 milyon lari (117 mln Azn)gəlir əldə edilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 172 milyon lari (107 mln Azn) olub. Bu isə cərimə gəlirlərinin 15,7 milyon lari (9,7 mln Azn) artdığını göstərir.

Mütəxəssis qeyd etdi ki, ölkəmizdə də yol hərəkəti qaydalarının, dayanma-durma, parklanma və avtobus zolaqlarının zəbt olunmasına qarşı cərimələr tətbiq edilir: 

- Paytaxtımızda avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır. Bu qaydalar ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədi daşıyır.