Əkrəm Həsənov: "Ortodoksal müsəlman ölkələrində Ramazan iqtisadiyyatı daha insaflıdır"
Ramazan ayında insanları razı salmaq əvəzinə fürsət bilb daha çox qazanc əldə etmək istəyənlər hərəkətə keçib. Restoran və kafelərdə Ramazan ayına özəl iftar menyuları təklif edilir. Qiymətlərdə isə artım var. Məlumatlara görə, iftar menyuları minimum 30 manatdan başlayır, 90-100 manatadək yüksəlir. Qiymətlər yeməklərin çeşidinə görə müxtəlifdir. Ümumiyyətlə, təkcə Ramazan ayı deyil, digər özəl, eləcə də bayram günlərində qiymətlərin yüksəlməsi ənənə halına alıb.
İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirdi ki, bizdə bir qayda olaraq qiymətlər tələb və təklif əsasında formalaşır: 
- Bu, iqtisadi qanunauyğunluq olsa da, bütün zamanlar üçün keçərli deyil. Restoran sahibi biləndə ki filan saatda nə qədər müştərisi olacaq, qiyməti artırır. Müştəri sayına arxayın olub bunu edir. Fikirləşir ki, qiymət yüksək də olsa, onsuz da insanlar gələcək. Ramazan ayıdır, iftar süfrələri sifaroş edənlər var, yaranmış fürsətdən bacardıqca istifadə etməyə çalışır. Nəzərə almır ki, mübarək aydır, dini məsələdir, filan, yaxşılıq edim, səxavətli olum. Bizdə real dindarların sayı çox azdır. Bu, ayrı məsələ. Amma əsas hər şeydən pul çıxarmaq, əlavə qazanc ədə etməkdir. Məsələn, ortodoksal müsəlman ölkələrində fərqlidir. Ramazan ayında yoxsullara, kasıblara yardım edilir, insanlar maddi baxımdan çətinliyə, sıxıntıya düşməsin deyə ərzaq qiymətləri aşağı salınır, çeşidlər artırılır. Restoranlarda da aşağı qiymətlər, endirimli yemək setləri təklif olunur. Bununla daha çox müştəri cəlb edirlər. Biznes nöqteyi-nəzərindən bu daha düzgündür. Çünki əgər qiymətləri çox qaldıracaqsansa, kiminsə restorana gəlmək fikri vardısa da, daha gəlməyəcək. Sən də müştəri itirəcəksən. Bu bir ada daha çox qazanım, deyərkən, əksinə, daha az qazanacaqsan. Müştəri cəlb etmək üçün əlçatan qiymətlər təklif edilməlidir.